"Şəki yaylası"ndakı faciə ilə bağlı şok fakt

Ha çalışıram, yaddaşıma xəyal kimi gəlib gedir. Dərd içində çırpındığım o anlarda bir nəfər mənə yaxınlaşdı. O, özünü hüquq-mühafizə orqanının işçisi kimi təqdim edərək məndən “Telefonuna nəsə çəkibsənmi” deyə soruşdu. Dərdin ağırlığından əyilmiş başımı qaldırıb bu sualı verəni daha aydın görmək istədim. Lakin bu yük altında əzilən başımı qaldırmağa heyim yox idi. Yalnız “hə, çəkmişəm” mənasında başımı zorla tərpədə bildim. “Onda telefonunu ver baxım” dedi.

Asayis.az xəbər verir ki, bu sözləri "Şəki yaylası"nda baş verən faciənin birbaşa şahidi, Coşqun Məmmədovun nişanlısı Nazlı xanım deyib.

"Həmin anda keyləşmiş zehnim məni idarə edə bilmirdi. Düşüncələrim, ağlım, huşum məni tərk etmişdi. Göz yaşları içində boğula-boğula var gücümü toplamağa çalışdım, titrəyən əllərimlə telefonu ona uzatdım. Hər dəfə bu barədə düşünəndə həmin səhnənin kadrları zehnimin dumanları içində gah batır, gah da üzə çıxır, ancaq heç vaxt sonacan aydınlaşmır. Çünki mən nə baş verdiyini anlamaq istəyirəm; anlamaq istəyirəm ki, mənim göz yaşlarımın torpağı da oda qaladığı həmin anda varlığı ilan kimi soyuq, yırtıcı qədər kəmfürsət olan bu məxluq kim idi və qəfil haradan peyda olmuşdu?

Nişanlımın dəfnindən sonra “Şəki yaylası”nda faciə baş verənə qədər telefonuma çəkdiyim xoşbəxt anlarıma dönmək, o sevimli anlarıma dərdimlə bir yerdə ağlamaq istədim. Bilmirəm, bu bəlkə həm də nədəsə təskinlik tapmaq axtarışım idi. Hələ də aydınlaşmamış zehnimdə sonacan ayırd edə bilmədiyim bir istəklə telefonumu açdım. Ancaq kaş açmazdım. Həyatımın bu ağır anında növbəti şoku yaşadım. Kanatın qırıldığı və faciənin anlarını özündə yaşada biləcək kadrlarla birgə telefonumun yaddaşından həmin gün çəkdiyim bütün kadrlarlar silinmişdi. Özü də yalnız mənim telefonumdan deyil, göndərdiyim bütün ünvanlardan silinmişdi. Telefonumun yaddaşının beləcə sürətlə təmizlənməsini anlamaq üçün təkrar-təkrar baş verənləri çiliklənmiş huşumda az da olsa bərpa etmək istəyirəm. Ancaq taleyim kimi indi huşum da da mənə xəyanət edir, heç nəyi geri qaytarmır", - o deyib.

Qeyd edək ki, Nazlı xanımın bu sözlərini həmin hadisədə dünyasını dəyişən digər gənc - Ucal Bayramovun atası Asif Bayramov ictimailəşdirib.

16:30 - 21 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin