İdeal partiyasının rəhbəri, eyni adlı saytın rəhbəri Nazim Quliyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Asayis.Az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Cavid Hüseynovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası oktyabrın 11-nə təyin olunub.
Qeyd edək ki, Nazim Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Nazim Quliyevin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Daha sonra isə ona Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, Nazim Quliyev 2009-cu ildə rüşvət almaqda, hədə-qorxu ilə tələb etməkdə və digər cinayət əməllərində təqsirli bilinərək 13 il 3 ay azadlıqdan məhrum edilmiş, 11 il sonra - 2020-ci ildə vaxtından əvvəl azadlığa buraxılmışdı.