Seçici siyahılarında dünyasını dəyişmiş şəxslər olmasın! - Prezidentin köməkçisi

 Seçici siyahılarında dünyasını dəyişmiş şəxslər olmasın! - Prezidentin köməkçisi

"Çalışmalıyıq ki, seçici siyahılarında dünyasını dəyişmiş şəxslər olmasın".

Asayis.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

“Qarşıdakı əsas məsələ seçki prosesinin qanunvericiliyin bütün tələblərinə cavab verməklə keçirilməsini təmin etməkdir. Seçkidə nöqsanların xırdası yoxdur, bütün nöqsanları müzakirə edirik. Nöqsanların təkrarlanmaması bizə Prezident tərəfindən verilən tapşırıqdır. Bu il keçirilmiş Prezident seçkiləri zamanı komissiya üzvlərinin yol verdiyi nöqsanlar barədə müxtəlif mənbələrdən bizə məlumat daxil olub. Veb-kameralar da bizə xeyli çatışmazlıqları göstərib. 65 və 77 saylı dairə seçki komissiyalarının sədrləri, Şəki şəhər 1 saylı orta məktəbin direktoru vəzifələrindən azad edilib. Bu nöqsanların seçkinin nəticəsinə təsiri olmayıb. Amma biz yol verməməliyik ki, bu kimi hallar bizim gələcəkdə keçirilən seçkilərə təsir etsin. Məntəqə seçki komissiyasından tutmuş dairəyə qədər bu iş elə qurulmalı və hər kəs elə çalışmalıdır ki, zərrə qədər nöqsana yol verilməsin”.

Z.Nağdəliyev deyib ki, seçici siyahılarının dürüstləşdirilməsi ən vacib məsələlərdən biridir.

“Bu iş aidiyyəti qurumlar tərəfindən davam etdirilir. 28 iyuna olan statistikaya görə, seçicilərin sayı 22,2 % artıb. Eyni zamanda seçkiqabağı təşviqat üçün bütün namizədlərə bərabər şərait yaradılmalıdır. Bununla bağlı yerli icra orqanlarına tapşırıq verilib. İşlər avqustun 9-dək bitməlidir”.

17:11 - 10 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin