Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb. Asayis.Az xəbər verir ki, bu barədə siyahını “CNN Travel” tərtib edib.
Qeyd olunub ki, düşbərə Azərbaycanın milli xörəklərindəndir: “Düşbərənin hazırlanması üçün nazik xəmir kiçik hissələrə bölünür və içinə qoyun və ya mal ətindən qiymə qoyulur. Sonra xəmir bağlanır. Düşbərə suda bişirilir. Sarımsaqlı qatıq və ya sirkə ilə yeyilir. Üzərinə quru nanə də səpilə bilir”.
Siyahıda Polşa mətbəxinə məxsus pyeroq, Hindistanın milli yeməyi olan modak, Rusiyanın pelmen, Mərkəzi Asiyadan mantı, italyanların ravioli və digər yeməklər də var.
Qeyd edək ki, düşbərə Azərbaycan milli mətbəxinin əsas xörəklərindəndir. Daha çox Bakı kəndlərinin yeməyi sayılan düşbərə hazırda demək olar ki, hər bir ailədə bişirilir.