“Ekzotik ölkələrə səyahətə maraq artıb” —Turizm eksperti

 “Ekzotik ölkələrə səyahətə maraq artıb” —Turizm eksperti

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2023-cü ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2022-ci illə müqayisədə 25,5 % artaraq 1 868,7 min nəfər olub. Ölkə vətəndaşlarının 43,6 %-i Türkiyəyə, 21,5 %-i Rusiyaya, 9 %-i Gürcüstana, 7,6 %-i İrana, 18,3 %-i digər ölkələrə səfər edib. Gedənlərin 64,9 %-ni kişilər, 35,1 %-ni qadınlar təşkil edib.Vətəndaşların 67,5 %-i hava, 30 %-i dəmir yolu və avtomobil, 2,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Maraqlıdır, ölkə vətəndaşları niyə daha çox qonşu ölkələrə səyahət etməyə maraq göstərirlər?

Asayis.az xəbər verir ki,Turizm eksperti Əziz Şiriyev  Demokrat.az-a bildirib ki, azərbaycanlı turistlərin daha çox qonşu ölkələrə üz tutmasının bir neçə səbəbi var:

“Həmin ölkələrdə milli valyuta daha dəyərlidir, bu ölkələr məsafə baxımından da yaxındır. Erkən rezervasiya vaxtı məbləğin 30 faizini ödəyib, qalan miqdarı uçuşa qədər hissə-hissə ödəmək imkanı var. Həm endirim əldə etmiş olurlar, həm də hissə-hissə ödəndiyi üçün məbləğ gözə görünmür. Keçmiş Sovet ölkəsi olduğumuz üçün də rus dilinin yayıldığı ölkələrə səhayət zamanı ünsiyyət problemi yaranmır”.

Ekspert turizmi ilə seçilən digər ölkələrə də marağın artdığını deyib: 

Son illərdə fərqli ölkələrə üz tutan vətəndaşların sayı artıb. Bir neçə ildir ki, Azərbaycan vətəndaşları Misirə, Qətərə, Dubaya çox gedirlər. Xüsusən sərfəli Şarm əl Şeyx turları cəlbedici gəlir. Tailand, Malayziya, Sinqapir, Vyetnam, İndoneziya kimi ekzotik ölkələrə də qrup şəklində sərfəli turlar təşkil olunur. Fərdi səyahətlərdə təyyarə biletləri digər xərclərlə müqayisədə daha bahadır. Əksəriyyət xarici dil biliyinə görə getmək istəmir bu ölkələrə, amma tur şəklində bələdçi ilə birgə getmək rahatdır. Qrup turları ilə səyahətlərdə oğurluq halları da olmur, tanımadığı yerləri turistlərimizə tanıdırıq. Türkiyə və Gürcüstana da qrup turlarından yararlanmaq olar. Avropa ölkələrinə də münasib qiymətə qrup turları ilə səyahət etmək olar. Qrup turlarına tələbat çoxdur”.

Törə Zeynallı
Demokrat.az

13:00 - 19 Yanvar 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin