Şəmkirdə ər arvadına xəsarət yetirdi

 Şəmkirdə ər arvadına xəsarət yetirdi

Şəmkir rayonunda 1972-ci il təvəllüdlü Səid ailə münaqişəsi zəminində həyat yoldaşı Sevilə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Asayis.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 3-də Şəmkir rayonunun Qapanlı kəndində baş verib. Səid evində yaranmış münaqişə zamanı arvadı Sevilin sifət nahiyəsindən qəsdən vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Səidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Sevil onun arvadıdır, 15 ildir rəsmi olaraq ailə həyatı qurub və birgə nikahlarından dörd övladı var: “Əvvəllər aramızda heç bir ədavətimiz, düşmənçiliyimiz olmayıb. Münasibətlərimiz normal olub. Bizim münasibətlərimiz sonradan pisləşməyə başladı. Aramızda olan dava-dalaş heç bir səbəb olmadan baş verib”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, axşam saat təxminən 21 radələrində işdən evə gəlib: “Həmin vaxt gördüm ki, evdə olan qaz balonu açıq vəziyyətdədir. Mən də arvadımı çağırdım və qaz balonunun bağlı olub-olmadığını soruşdum. Arvadım bildirdi ki, qaz balonu bağlıdır. Lakin baxanda gördüm ki, yalan danışır, qaz balonu açıq vəziyyətdədir. Buna görə də əsəbləşdim ki, nə üçün bağlamayıb. Bu zaman aramızda mübahisə baş verdi. Mübahisə zamanı yumruqla arvadımın sifət nahiyəsinə zərbə vurdum. Bu zaman arvadım qorxaraq çölə qaçdı. Baxanda gördüm ki, Sevilin sifətindən qan gəlir. Daha sonra arvadımı vurduğuma görə sifətindən xəsarət aldığı üçün anasının yaşadığı evə getdi. Bundan sonra məlum oldu ki, onu vurduğum üçün polisə ərizə ilə şikayət edib. Hadisə vaxtı sərxoş vəziyyətdə olmuşam. Əməlimdən səmimi peşmanam”.

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Səid 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 23.00-dan saat 07.00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulub. 

Bundan başqa, təqsirləndirilən şəxsin üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qоyulub.
 

17:30 - 11 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin