Xaçmazda qardaşlar arasında qanlı dava — TƏFƏRRÜAT

 Xaçmazda qardaşlar arasında qanlı dava — TƏFƏRRÜAT

Xaçmaz rayonunda 1971-ci il təvəllüdlü Bəxtiyar doğma qardaşı Ramizi bıçaqlayıb. 

əldə etdiyi məlumata görə, hadisə 2022-ci ilin mayın 31-də Xaçmaz rayonu, İstisu qəsəbəsində baş verib. 

Bəxtiyar qəsəbədə yerləşən yaşadığı evdə olarkən doğma qardaşı Ramizin dostu Tərlan ilə birlikdə onun yaşadığı evə gəldiyini görüb. 

Bu zaman Tərlan Bəxtiyara qardaşı Ramizə ot yığımında kömək etməməsi barədə iradı bildirib. Bundan sonra Bəxtiyar qardaşı Ramizin öz aralarında olan münasibətlər barədə kənar şəxsə, yəni Tərlana danışıb, onun barəsində şikayətlənməsindən qəzəblənib. 

O, Ramizi və Tərlanı yaşadığı evdən çölə çıxarıb. 

Evin qarşısında Bəxtiyar Ramizi bıçaqla bir dəfə vurub. 

Hadisəni törədən Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəxtiyar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, mayın 31-də, saat 18.00-da yaşadığı evdə olarkən qardaşı Ramiz Tərlan adlı şəxslə birlikdə gəliblər: 

“Onların hər ikisi də spirtli içki qəbul etmişdilər və sərxoş idilər.  Həyat yoldaşım həmin vaxt evdən çıxmışdı. Mətbəxdə olarkən Tərlan məndən nə üçün qardaşıma ot yığmağa kömək etməyimi soruşdu. Mən isə Tərlana mənə qarışmamasını bildirdim. Tərlan yenidən mənə doğma qardaşıma kömək etmədiyimi, bu səbəbdən onun kömək etdiyini bildirdi. Bu sözlər mənə xoş gəlmədi. Mətbəxdən bıçağı götürərək Ramizin yanına gəldim. Ramizə aramızda olan məsələni nə üçün başqa adama dediyini soruşdum. Ramiz mənə söyüş söyməyə başladı. Mən onları evdən qovdum. Ramiz Tərlanla birlikdə evdən çıxdı. Bu zaman Ramiz yenidən həyətə girdi. Yenidən Ramiz evdən çıxarmaq istəyərkən nalayiq ifadələr səsləndirdi. Həmin vaxt həyat yoldaşım gəldi. Bizi sakitləşdirmək istəyərkən Ramiz həyat yoldaşımın da ünvanına nalayiq ifadələr səsləndirdi. Hətta əli ilə onu da itələdi. Bundan sonra Ramizi itələmək istəyərkən əlimdəki mətbəxdən götürdüyüm bıçaq səhv etmirəmsə, ona dəydi. Bıçağın ona dəyib-dəymədiyini dəqiq bilmirəm”.

İş üzrə zərərçəkmiş Ramizin sözlərinə görə, təqsirləndirilən Bəxtiyar onun qardaşıdır, onların arasında heç bir ədavət olmayıb, Bəxtiyarın əqli cəhətdən problemi olub: 

“Həmkəndlim Tərlana dedim ki, ot yığmağa mənə kömək etsin, çünki mənə kömək edəcək başqa heç kim yox idi. Tərlan da razılaşdı. Həmin gün saat 11 radələrində onunla ot yığmağa getdim. Biz İstisu qəsəbəsində ot sahəsində işlədik və “Vaz 2104” markalı avtomobilimə otla doldurduq. Sonra da mən öz avtomobilimlə, Tərlan isə özünə məxsus “Vaz-2106” markalı avtomobili ilə qardaşım Bəxtiyargilin yaşadığı evin qarşısına gəldik. Həmin vaxt saat 18 radələri olub. Bəxtiyargilə getməkdə məqsədimiz orada çay içmək olub. Biz Bəxtiyargilə girib onların evində eyvanda çay içdik. Orada olanda Tərlan Bəxtiyara dedi ki, Ramizə ot yığmağa kömək et, qardaşındır, yığıb qurtara bilsin. Bəxtiyar isə Tərlana dedi ki, biz qardaşıq, sənə dəxli yoxdur, özümüz bilərik. Sonra isə Bəxtiyar üstümə gəldi və dedi ki, mənim vaxtım yoxdur sənə kömək edəm, sən isə gedib məndən Tərlana şikayət edirsən. Mən heç kimə şikayət etmədiyimi deyəndə Bəxtiyar əsəbləşdi. Bizə dedi ki, durun rədd olun burdan. Bəxtiyarın əsəbləşdiyini gördük və Tərlanla birlikdə evdən həyət qapısının ağzına, çölə çıxdıq. Həmin vaxt Bəxtiyar da arxamızca küçəyə çıxdı. Bəxtiyarla küçədə təxminən 1 dəqiqə söhbət etdik. Aramızda nalayiq ifadələr də işlətdik. Bu vaxt həmin yerə Bəxtiyarın arvadı da gəldi. Bizim mübahisə etdiyimizi görən qardaşım arvadı istədi ki, bizi sakitləşdirsin, mübahisə böyüməsin. Lakin biz mübahisə etdik. Mən yenidən nalayiq ifadələr işlətdim. Bundan sonra Bəxtiyar qəfildən sinə nahiyəmdən vurdu. İlk öncə Bəxtiyarın məni bıçaqla vurmasını başa düşməsəm də, sinəndə istilik hiss etdiyimdən, qan axdığından başa düşdümki, məni bıçaqla vurub. Bəxtiyar məni vuran kimi evə getdi. Mən isə Tərlana "bu məni bıçaqla vurdu" sözlərini dedim. Lakin ciddi xəsarət aldığımı hiss etmədim. Çünki Bəxtiyarın məni vurması ani bir zaman kəsiyində baş verdi. Tərlana dedim ki, “gedirəm xəstəxanaya, oradan da polisə şikayət edəcəyəm. Tərlan məni avtomobili idarə etməyə mane olmağa çalışsa da, məhəl qoymadım. Öz avtomobilimlə oradan uzaqlaşdım”.

Zərərçəkmiş qeyd edib ki, Xudat şəhəri istiqamətində hərəkətdə olan zaman qan itirdiyi üçün huşunu itirib və qəzaya uğrayıb: 

“Sonra isə xəstəxanada özümə gəldim. Həkimlər mənə tibbi yardım etdi”. 

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub. 


Fariz Məlikli
Demokrat.az

 

 

14:30 - 5 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin