“Dünən gecə qonşumun uşağı eyvandan yıxıldı. Səsə qaçdıq ki, uşaq qalıb yerdə, ana şok vəziyyətində özünü çırpır”.
Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, paylaşımda qeyd edilib ki, hadisə zamanı ilk iş kimi təcili yardıma zəng edilsə də, təcili tibbi yardım briqadası hadisə yerinə gəlməyib:
“İlk iş kimi təcili tibbi yardıma zəng etdim. Bilin görək nə oldu? Gəlmədi! Düz 1,5 saat uşaq betonun üstündə, qanının içində qaldı. Yeddi dəfə zəng etdim, dedilər ki, gələcək, gəlmədi. Qolu və ayağı sınan uşağı həyətdən tapdığımız taxtanın üstünə uzadıb, maşınla xəstəxanaya çatdırası olduq. Üstündən üç saat keçəndən sonra, gecə yarısı bir xanım zəng edib mülayim səslə soruşdu ki, “gələk, ehtiyac var?” Dedim “gəl, yata bilmirəm, gəl çay içək”.
Hadisənin şoku bir yana, təcili tibbi yardımın gəlməməsinin, o an hiss etdiyim əlacsızlığın şokundan çıxa bilmirəm. Düz bir sutkadır başım ağrıyır. Necə yəni, gəlmədi? Dedim axı, uşaq 2-ci mərtəbədən yıxılıb, ayaqları sınıb, qan axır, özündə deyil. Təcili yardım belə bir çağırışa necə gəlməyə bilər?”.
Məsələ ilə bağlı TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli küçəsi 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar hazırda müvafiq araşdırma aparılır:
“Araşdırmanın nəticəsinə uyğun olaraq aidiyyəti üzrə tədbirlər görüləcək. Zərurət yaranarsa, hüquq-mühafizə orqanlarına müraciət olunacaq”.
Məlumatda o da qeyd edilib ki, Abşeron rayonu üzrə bayram günlərində günlük normadan artıq müraciət qeydə alınıb:
“Bütün tibbi yardım briqadaları xidmətə cəlb olunublar. Bildiririk ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin işi optimallaşdırılaraq təkmilləşdirilir. Xidmət keyfiyyətinin yüksəldilməsi üçün struktur optimallaşdırılması həyata keçirilir, cari ilin ilk aylarında proses tam yekunlaşacaq. Əlavə olaraq bildiririk ki, hazırda Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 15 yaşlı Ayan Aslanovaya EKQ, KT, ultrasəs və laborator müayinələri, uşaq cərrahının, torakal cərrahın, reanimatoloqun, travmatoloqun və neyrocərrahın baxışı təmin olunub. Birgə konsiliumun nəticəsinə uyğun olaraq hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir”.