Avropa İnsan Hüquqları Məhkəməsi ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 2013-cü ildə qanunsuz olaraq həbs edilən və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilən jurnalist Pərviz Həşimlinin barəsindəki hökmdən verilən şikayəti araşdırır. Gununsesi.info-nun xəbərinə görə, bu barədə “Avropa Məhkəməsinin gündəliyi” adlı nəşr yazıb.
“Ahimaz.org”-ın yazdığı məlumata görə, Pərviz Həşimli şikayətində Konvensiyanın 6, 10 və 18-ci maddələrinə əsaslanaraq, cinayət prosesinin ədalətsiz aparılmasından bəhs edib. Ərizəçi, xüsusilə ona qarşı irəli sürülən ittihamların uydurma olduğunu, məhkumluğunun saxta sübutlarla əsaslandırılğını, vəkili ilə konfidensial ünsiyyət hüququnun pozulduğunu və cinayət işinin jurnalist fəaliyyətinə görə onu cəzalandırmaq məqsədilə uydurulduğunu iddia edib. Məlumata görə, sadalanan pozuntularla bağlı suallar göndərən Avropa Məhkəməsi hökumətə 2024-cü ilin fevralına qədər müddət təyin edib.
Saytımıza açıqlamasında Pərviz Həşimli bildirib ki, gec də olsa onun haqqında hökmə bağlı prosesə start verilməsini alqışlayır: “Mənim barəmdəki həbs qətimkan tədbiri ilə bağlı kommunikasiya bitib və yaxın 2-3 ay ərzində qərar elan olunacaq. Bu iş isə konkret olaraq hökmlə bağlıdır ki, qalib olacağıma əminəm. Bundan sonra mənim haqqımda bilə-bilə qanunsuz hökm çıxaran hakim Novruz Kərimovun cinayət məsuliyyətinə cəlb olunması üçün mübarizəmi davam etdirəcəyəm”.