Azərbaycanda fevralın 7-si keçiriləcək növbədənkənar prezident seçkiləri zamanı ilk dəfə Xankəndidə seçki məntəqəsi qurulacaq. Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) sonuncu iclasında qəbul edilib.
MSK sədri Məzahir Pənahov seçki məntəqəsinin keçmiş vilayət Partiya Komitəsinin inzibati binasında yerləşəcəyini bildirib. O qeyd edib ki, ermənilər Azərbaycan vətəndaşı kimi özlərini aparsalar, onları da siyahıya salmaq mümkündür. "Ermənilər can deyib, can eşitməyə hazır olsalar, onları da seçici siyahısına əlavə edə bilərik", - o vurğulayıb.
Modern.az-ın məlumatına görə, bundan əvvəl keçirilən seçkilərdə Xankəndi seçki dariəsinə daxil olan məntəqələr müxtəlif rayonlarda yerləşib.
Bu seçkidə də dairənin məntəqələrinin əksəriyyəti Azərbaycanın digər rayonlarında yerləşəcək. Qeyd edək ki, hazırda dairə daxilində 13 seçki məntəqəsi mövcuddur.
Onlardan 4-ü Bakının Nizami, Sabunçu, Binəqədi, Nərimanov rayonlarında, ikisi Gəncə şəhərində, ikisi Goranboy rayonunda, biri Ağcabədi rayonunda yerləşir. Sumqayıt, Mingəçevir, Bərdə, Şəki şəhərlərinin hər birində isə Xankəndi seçki dairəsinə daxil olan bir məntəqə var.
2018-ci ildə keçirilən sonuncu prezident seçkilər zamanı 122 saylı Xankəndi seçki dairəsi üzrə 4838 seçici qeydiyyatda olub. Bu seçicilərin 3540 nəfəri səsvermə hüququndan istifadə edib.
Sonuncu parlament seçkilərində isə bu dairədən Tural Gəncəliyev deputat seçilib.