Bakının Suraxanı rayonunda hamamda dava olub.
Asayis.Az-ın məlumatına görə, hadisə Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən “Atilla” fitnes-spa mərkəzində baş verib.
1994-cü il təvəllüdlü Həsən orada iş yoldaşı Aynurun ünvanına nalayiq ifadələr işlədib.
Həsənin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə təqsirli bilinən şəxs qismində ifadə verən Həsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, “Atilla” fitnes-spa mərkəzində administrator vəzifəsində işləyir: “Aynur həmin mərkəzdə masajçı kimi işləyir. Hadisədən əvvəl iki nəfər müştəri var idi ki, onları bir nəfər zəng edərək tapşırıb, onun qonaqları olduğunu deyib. Axşam 12-in yarısı müştərilərdən birini mərkəzdə masajçı kimi işləyən digər xanım Jaləyə verdim ki xidmət etsin. Aynura həmin vaxt müştəri vermədim. Aynurun ərizəsini polis bölməsində göstəriblər. Aynur ərizədə qeyd edib ki, guya mən onu vurmuşam. Polislər “Atilla” fitnes-spa mərkəzində olan kamera görüntülərinə baxıb və görüblər ki, Aynuru vurmamışam. Bütün işçilər də onu vurmadığıma şahiddir”.
Həsən deyib ki, mərkəzin iş qarfiki var, həmin qrafiki pozduğuna görə Aynura irad bildirib: “Müştərilər masajdan razı qalmadıqları üçün Aynur və Jalə maaşını almaq üçün resepşının önündə olanda mən “müştəri masajdan narazıdır, maaş verilmir, sabah gəlib rəhbərliklə danışarsız” dedim. Buna görə də resepşının önündə Aynurla mübahisəm oldu. Daha doğrusu, Aynur üstümə hücum etdi. Sonra aşağıya düşdüm. Aynur da aşağıya düşdü. Aynur deyir pilləkəndə mübahisə olub, amma Aynur pilləkəndə olanda mən aşağıda otaqda olmuşam. Yəni ikimiz eyni anda pilləkəndə olmamışıq. Aynur və mən aşağıda otaqda olanda “sən xanımsan, bizim söhbətimiz alınmaz” dedim. Başqa bir ifadə işlətmədim. Müştərilərlə də mübahisə olub. Sonra Aynur çölə çıxdı. Daha sonra mən də çölə çıxdım”.
Bu şikayətə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını nəzərə alıb. Həsənin barəsində olan inzibati qaydada olan icraata xitam verilib.
Demokrat.az