"Ermənistanda Gürcüstan dövlət nömrə nişanlı avtomobillərin sayı sürətlə artır".
Bakupost.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
Paşinyan əlavə edib ki, o, əvvəlcə Gürcüstandan Ermənistana səfərlərin sayının sürətlə artdığına inanıb və buna çox sevinib:
"Lakin sonradan məlum oldu ki, Ermənistan vətəndaşları Gürcüstandan avtomobil idxal edərkən, “müvəqqəti idxal” prosedurundan istifadə edir və nəticədə müvafiq vergiləri ödəmirlər".
Paşinyanın sözlərinə görə, Gürcüstanda avtomobillərin gömrük rüsumları Ermənistanla müqayisədə xeyli aşağı olduğundan vətəndaşlar belə bir addım atırlar:
“Biz gömrük rüsumlarının azaldılması yolunu tuta bilərdik, lakin problem ondadır ki, hər şey Avrasiya İqtisadi İttifaqı tərəfindən tənzimlənir və Ermənistan bu məsələni birtərəfli qaydada həll edə bilməz. Hesab edirik ki, bu məsələ Aİİ çərçivəsində müzakirə oluna bilər və biz bu variantı nəzərdən keçirəcəyik”.
O qeyd edib ki, vaxtilə bu məsələyə məhəl qoyulmayıb və nəticədə bu gün Ermənistanda Gürcüstan dövlət nömrə nişanlı avtomobillərin sayı 9 minə çatıb:
“İndi biz təklif edirik ki, indiyə qədər avtomobul gətirmiş şəxslər üçün dəstək proqramı həyata keçirilsin və onlara kompensasiya ödənilsin. Onların ödədiyi gömrük rüsumunun bir hissəsi güzəşt edilsin. Başqa sözlə, biz insanlara bu avtomobilləri daha az məbləğlə gömrükdən keçirməyə kömək edəcəyik”.