“Qafqazda savaş şiddətlənir, əl çəkmirlər, hazır olmalıyıq” - Eldar Namazov

 “Qafqazda savaş şiddətlənir, əl çəkmirlər, hazır olmalıyıq” - Eldar Namazov

"Cənubi Qafqaz uğrunda mübarizə həlledici mərəhələyə daxil olduğundan bölgədə maraqlı güclər arasında savaş getdikcə daha da şiddətlənəcək. Həlledici mərhələ isə özü ilə bərabər çoxsaylı təhlükələrə səbəb olacaq. Çünki heç kim könüllü Cənubi Qafqazdan əl çəkməyəcək”.

Ölkə.az xəbər verir ki, bunu politoloq Eldar Namazov deyib.

O bildirib ki, bölgə uğrunda gedəcək bu ciddi mübarizəyə hazır olmaq lazımdır: “Cənubi Qafqaz uğrunda mübarizənin mərkəzində dayanan əsas məsələ Qarabağ münaqişəsi idi və bütün maraqlı güclər bu kartdan istifadə edirdi. 44 gülük müharibədən sonra bu, Ermənistan-Azərbaycan sərhədinə köçdü. Bütün güclər Azərbaycanın Ermənistana hücum edəcəyini və yaxud da Zəngəzuru güc yolu ilə ələ keçirəcəyini gündəmə gətirərək bu kartdan istifadə edirdilər.

Ancaq Azərbaycan yolu İrandan keçməklə çəkəcəyini bəyan edəndən sonra Mehri yolu Azərbaycan üçün aktuallığını itirdi. 

Azərbaycan bu addımı atmaqla dünyaya nümayiş etdirdi ki, bütün bu deyilənlər blefdir. Əslində bu, Qərbin oyunu idi. Bu oyun Qərbə bölgədə mövqeyini möhkəmlətmək üçün lazım idi. Bir sözlə, bütün tərəflər bu kartdan istifadə etməklə həm Ermənistanı öz nəzarətlərinə keçirmək istəyir, həm də öz hərbi varlığını təmin etməyə çalışır. 

İndi isə mərkəz Ermənistanın özüdür. Bölgə uğrunda savaşın episentri Ermənistanın özü olacaq. Çünki Rusiyanın Azərbaycan və Gürcüstandan fərqli olaraq Ermənistana hərtərəfli, xüsusən də iqtisadi, maliyyə və hərbi cəhətdən təsir etmək imkanları həddən artıq genişdir. Rusiya istənilən vaxt Ermənistanı blok edib çox pis vəziyyətə sala bilər. Bu planda vəziyyət həddindən artıq dramatikdir”.

Vəziyyətdən çıxış yoluna gəldikdə isə Namazov bildirib ki, Paşinyan hakimiyyətə gələndə hamı İrəvanın xarici siyasət vektorunu dəyişəcəyini bilirdi: 

“Hətta o zaman ABŞ-də hakimiyyətdə olan Tramp administrasiyasının milli təhlükəsizlik məsələləri üzrə  nümayəndəsi Con Bolton Cənubi Qafqaza səfər edib İrəvan, Tbilisi və Bakıda görüşlər keçirdi. Sonda İrəvanda erməni mediasına bəyan etdi ki, Ermənistanın Qərbə yolu Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətlərinin qurulmasından keçir. Düzdür, o zaman Boltonun bu bəyanatı erməni mediasının və siyasi palitrasının xoşuna gəlmədi. Amma o, bəyan etdi. 

Əgər Ermənistan Qərbə inteqrasiya yolunu seçibsə, o zaman İrəvanın Bakı və Ankaradan fərqli olaraq iki ciddi düşməni ortaya çıxacaq. Bunlar Tehran və Moskvadır. Tehran və Moskva İrəvanın avroatlantik məkana inteqrasiyasını bloklayacaq və buna heç cür razı olmayacaqlar. Belə olan halda isə Ermənistanın avroatlantik məkana inteqrasiyası qeyri-mümkün olacaq. Ermənistanın Azərbaycan və Türkiyə ilə normal münasibətləri olsaydı, o zaman Qərbə inteqrasiyası qat-qat asan olardı. Bunu görən ABŞ-nin ozamankı administrasiyası yaranmış vəziyyəti ermənilərin diqqətinə çatdırdı. 

İndiki şəraitdə isə Ermənistanı əhatə edən 4 ölkə ilə müxtəlif səbəblərdən düşmən münasibətdədir. Ermənistanı əhatə edən Azərbaycan, İran, Türkiyə və Rusiya ayrı-ayrılıqda ondan güclüdür və onu təkbaşına siyasi xəritədən silməyə qadirdir. Ermənistan yaranmış bu vəziyyətdə Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri qurmayacaqsa, sülh müqaviləsi imzalamayacaqsa, onda qonşuları ilə konfrantasiya vəziyyətində yaşamalı olacaq, Qərbə də inteqrasiya edə bilməyəcək. 

Amma çox təəssüflər olsun ki, Ermənistanın baş naziri Nikol Paşinyan Fransa və ABŞ-nin indiki Bayden administrasiyasının təsiri altında çox yanlış strategiya seçib. Bu strategiya Ermənistanı fəlakətə sürükləyir. Paşinyan bu yanlış yoldan dönməyib sülh müqaviləsi imzalamayıb Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmayacaqsa, o zaman Cənubi Qafqazda çox ciddi dramatik hadisələrin baş verməsi qaçılmaz olacaq. Bundan da nəticə etibarı ilə itiriən tərəf Ermənistan olacaq”.

10:00 - 30 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin