Paytaxtın Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbdə 2-ci sinif şagirdinin xəsarət alması faktı üzrə Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Bu barədə Asayis.Az-a Baş prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Hadisənin səbəbi və baş vermə şəraiti ətraflı araşdırılmaqla nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul olunması təmin ediləcək.
Ramana qəsəbəsindəki 90 nömrəli orta məktəbin ikinci sinif şagirdi Məmmədzadə Təranə gözündən ağır zədə alıb. Bununla bağlı sosial şəbəkələrdə müvafiq görüntülər yayılıb.
Məktəbdən verilən məlumata görə, Təranə noyabrın 7-də qaçarkən digər uşaqla toqquşub. Həmçinin bildirilir ki, məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib.
Sabunçu Rayon Prokurorluğu tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin təsadüf nəticəsində baş verdiyi barədə rəy verilib.
Daxili İşlər Nazirliyindən təqdim olunan açıqlamada isə qeyd olunub ki, şagirdin göz nahiyəsinin xəsarət faktında qəsd aşkar olunmayıb. Müəyyən edilib ki, hadisə məktəbin akt zalında Təranə Məmədzadənin digər şagirdlə toqquşması nəticəsində baş verib.