"Sərhəddə delimitasiya komissiyasının görüşündən bir neçə gün qabaq cənab Prezident çıxışında qeyd etdi ki, Azərbaycan artıq sülh danışıqlarına hazırdır. Buna görə də müəyyən danışıqlara start verildi”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
O, noyabrın 29 və 30-da delimitasiya komissiyasının Azərbaycan-Ermənistan sərhədindəki növbəti görüşünü şərh edib.
Xatırladaq ki, hər iki ölkənin diplomatik nümayəndəlikləri görüşün olacağı ilə bağlı xəbəri təsdiqləyib.
Öz növbəsində, V.Əhmədov əlavə edib:
“Mən birbaşa danışıqların tərəfdarı olmuşam. Çünki heç bir dövlətin təmsilçiləri burada iştirak etmirlər, nə Rusiya, nə də Qərb müdaxilə edir. Ona görə də dövlət başçıları arasında təmaslar qurulmalı və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalı, o cümlədən sərhədlərin delimitasiya və demarkasiyası həll olunmalıdır”.
Millət vəkilinin fikrincə, danışıqlar prosesində ən yaxşı yol budur:
“Çünki hər ikisi qonşu dövlətlərdir və qıraqdan gələnlərin hamısı öz maraqlarını güdürlər. Lakin 2 qonşu dövlət oturub rəhbərlik səviyyəsində bu məsələni həll edə bilərlər. Ən yaxşı variantlardan biri budur.
30 noyabrda demarkasiya ilə bağlı xüsusi komissiya görüşəcək, hansı ki, iyundan bəri bu komissiya işləmirdi, nəhayət, bu işə start verildi. Tərəflər görüşüb bu məsələləri həll edəcəklər, arxasınca isə sülh müqaviləsinin imzalanması ilə əlaqədar yəqin ki, dövlət rəhbərləri görüşəcəklər. Məncə, bu, çox müsbət bir addımdır. Çünki heç bir dövlətin buraya qarışmasına imkan verilməyəcək və yalnız 2 dövlət başçıları səviyyəsində məsələ həll ediləcək”.
Politoloq Zərdüşt Əlizadə də bu qərarı müstəsna və yüksək qiymətləndirdiyini dilə gətirib:
“Həqiqətən, bu komissiya işləməyə başlasa, bir çox məsələlərin həlli aydınlaşar və bu həll istiqamətində tərəflər inamla irəliləməyə başlayarlar. Bu zaman hansısa kənar qüvvələrin müdaxiləsi, yaxud hansısa daxildəki siyasi qüvvələrin sülh məsələsi ilə oynamaq istəkləri artıq arxa plana keçəcək. Ön planda isə müəyyən bir nəticənin əldə edilməsi olacaq. Artıq komissiya üzvlərinin bilavasitə məsuliyyəti olacaq və onlar da çalışacaqlar ki, həlli tapsınlar, siyasi rəhbərliyə təqdim etsinlər. Siyasi rəhbərlik görəndə ki bu variant hər iki tərəfə xeyirdir, o zaman onlar da razılaşacaqlar”.
“İstənilən məsələlərdə vasitəçilər öz xeyrini güdür. Erməni və Azərbaycan xalqları üçün nə Moskva, nə Brüssel, nə də Vaşinqtonun maraqlarını nəzərə almaq vacib deyil. Bizə yalnız hər 2 xalqın maraqlarını nəzərə almaq, onu uzlaşdırmaq və dayanıqlı sülhə nail olmaq gərəkdir”, - fikirlərini tamamlayıb.