14.11.2023-cü il tarixdə Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Dubai Air Show 2023” sərgisi zamanı Azərbaycan Respublikası aviasiya şirkətlər qrupu “Aviation Services Group” (ASG) və İtaliyanın helikopter istehsalçısı olan “Leonardo” şirkəti arasında yeni nəsil helikopterlərin alınması barədə danışıqlar və əməkdaşlığın strateji istiqamətlərin və perspektiv planları müzakirə edilib.
Asayis.Az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları”nın (AZAL) məlumat yayıb.
Müzakirələrin nəticəsi olaraq, “ASG Helicopter Services” MMC və “Leonardo” şirkətinin Xəzər regionu üzrə təmsilçisi “Exclases Group” şirkəti arasında “Leonardo” şirkəti tərəfindən istehsal olunan üç ədəd yeni nəsildən olan “Agusta Westland 189” tipli müasir helikopterlərin alınması barədə Memorandum imzalanıb. Tərəflər arasında əldə edilən razılaşmaya əsasən növbəti iki il ərzində beynəlxalq aviasiya standartlarına və uçuşların təhlükəsizliyi tələblərinə uyğun, ən qabaqcıl avadanlıqlarla təchiz edilmiş iki ədəd “AW 189” tipli hava gəmisi və sonradan əlavə bir ədəd eynitipli hava gəmisinin alınması nəzərdə tutulur.
Memorandumun imzalanması “ASG Helicopter Services” MMC-nin baş direktoru Azər Sultanov və “Exclases” şirkətinin icraçı direktoru Paul Ploshansky tərəfindən həyata keçirilmiş və təntənəli mərasimdə “ASG” şirkətlər qrupunun prezidenti Teymur Məmmədov, “Leonardo” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə satış üzrə baş vitse-prezidenti Andrea Mirteto, “Leonardo” şirkətinin Xəzər regionu üzrə təmsilçisi “Exclases Group” şirkətinin Azərbaycan və Gürcüstan üzrə satış direktoru Fuad Şabanov və digər rəsmi şəxslər iştirak ediblər.
Razılaşmaya əsasən təchiz ediləcək yeni hava gəmiləri “ASG Helikopter Services” MMC şirkətinin hava gəmiləri parkını genişləndirərək, şirkət tərəfindən Azərbaycan Respublikasında və Xəzər dənizi hövzəsində fəaliyyət göstərən neft şirkətlərinə göstərilən aviasiya xidmətlərinin keyfiyyətinə, personal, sərnişin və yük aviadaşımalarının təhlükəsizliyinə böyük töhfə verəcək.
“ASG Helikopter Services” MMC şirkəti 15 il ərzində fəaliyyət göstərərək Xəzər regionunun Helikopter xidmətləri sahəsində ən mühüm və ən müasir aviasiya müəssisəsidir. Şirkətin hava gəmiləri parkında Amerikanın “Sikorsky S92”, İtaliyanın “AW139” və “AW109” tipli, Fransanın “Airbus Helicopters” “AS-332L1”, Russiyanın “Mi” tipli helikopterləri istismar edilir. Aviaşirkətin əsas fəaliyyəti Xəzər dənizində yerləşən neft platformalarına personal, sərnişin və yüklərin daşınmasıdır. Eyni zamanda şirkət Helikopter xidmətləri sahəsində müxtəlif xidmətlər və əməliyyatları aparır, o cümlədən axtarış-xilasetmə, tibbi təxliyə, hava məkanından çəkiliş, fərdi xüsusi turist daşımaları, xarici asılqanla daşınmalar, və s. şirkət təhlükəli yüklərin daşınması üzrə sertifikata malikdir.
Eyni zamanda EASA (Avropa Mülkü Aviasiya Agentliyi) tərəfindən verilən sertifikata əsasən (Part 145 təşkilatı) “ASG Helikopter Services” MMC parkında olan bütün hava gəmilərinə tam texniki xidmətlərin göstərilməsini təmin edir, “Leonardo” şirkəti tərəfindən avtorizə edilmiş servis mərkəzi (Authorization Service Center) Sertifikatına layiq görülüb və 2021-ci ildən bu sertifikatın sahibidir.