İran vətəndaşından qeyri-qanuni pul alan şəxs ifşa olunub

 İran vətəndaşından qeyri-qanuni pul alan şəxs ifşa olunub

Dövlət Gömrük Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi müqabilində İran İslam Respublikası vətəndaşından qeyri-qanuni pul alan şəxs ifşa olunub.

Asayis.Az xəbər verir ki, İran İslam Respublikası vətəndaşı Camal Farjam Özbəkistan Respublikasından üçüncü ölkəyə daşınması məqsədilə Azərbaycana idxal etdiyi malların gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi müqabilində Azərbaycan Respublikası vətəndaşı F.Niyazovun ondan 9.100 ABŞ dolları məbləğində pul vəsaiti aldığını bildirib.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi tərəfindən birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib və Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıb.

Dövlət Gömrük Komitəsi vətəndaşlara gömrük orqanlarının işgüzar nüfuzuna xələl gətirən bu kimi qanunsuz əməllərlə məşğul olan şəxslər barədə faktlarla rastlaşdıqda dərhal Dövlət Gömrük Komitəsinə və ya digər hüquq-mühafizə orqanlarına məlumat vermələrini tövsiyə edir.

16:00 - 16 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin