Beyləqan Rayon Məhkəməsində dövlət sərhədini qanunsuz olaraq keçmədə təqsirləndirilən M.A.-nın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Asayis.Az.-ın əldə etdiyi məlumata görə, hakim Ramiz Nurullayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
İttihama görə, İran vətəndaşı M.A. qanunsuz gəlmək məqsədi ilə 10 aprel 2023-cü il tarixdə saat 18 radələrində Azərbaycanın mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin Beyləqan rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən İrandan Azərbaycana keçib. Daha sonra o, Daxili İşlər Nazirliyinin Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və aidiyyəti üzrə Dövlət Sərhəd Xidmətinə təhvil verilib.