Bu gün energetiklərin peşə bayramı günüdür

 Bu gün energetiklərin peşə bayramı günüdür

Bu gün Azərbaycanda Energetiklərin peşə bayramı günüdür. Artıq 19 ildir ki, energetiklər bu günü qeyd edirlər.

Asayis.Az xəbər verir ki, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” istilik elektrik stansiyasının (İES) birinci enerji bloku ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi milli elektroenergetika salnaməmizin daha bir parlaq səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirib, bu sahədə misilsiz işlər görüb. Ulu Öndərin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlib. Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektroenergetika üzrə də mükəmməl proqramlar qəbul edilərək reallaşdırılıb.

“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq, hazırda yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı müvafiq işlər görülür, eyni zamanda, enerji sisteminin müasirləşdirilməsi nəzərdən keçirilir.Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti sovet dövründə və müstəqillik illərində bu sahədə görülmüş işləri, əldə edilmiş nəticələri nəinki məntiqi cəhətdən tamamlayır, eyni zamanda, elektroenergetika sisteminin müasir qlobal trendlərə uyğun inkişafını təmin edir. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, öz potensialı hesabına enerji təhlükəsizliyinin təminatına 100 faiz nail ola bilib.

Son 12 ildə 23 yeni elektrik stansiyası istifadəyə verilib. Enerji sisteminin, enerji istehsalı infrastrukturunun yenidən qurulması, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyalarının tikilməsi, ölkədaxili və respublikamızı xarici ölkələrlə əlaqələndirən magistral elektrik xətlərinin yenilənməsi, elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı dövlət proqramlarının icrası nəticəsində Azərbaycan daxili enerji tələbatının ödənilməsi ilə bərabər elektrik enerjisinin ixracına da nail olub.

Energetika sektorunda həyata keçirilən kompleks tədbirlər hesabına son 12 ildə 2055,4 meqavat gücündə 23 yeni elektrik stansiyasının istismara verilməsi ilə ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7516,5 meqavata çatdırılıb. Elektroenergetika sistemində ümumi gücü 6237,7 meqavat olan 18 istilik elektrik stansiyası, 1278,8 meqavat gücündə isə su və digər bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyaları fəaliyyət göstərir. Reabilitasiya proqramı çərçivəsində “Azərbaycan” İES və digər elektrik stansiyalarının dayanıqlılığı, etibarlılığı, təhlükəsizliyi və səmərəliliyi yeni səviyyəyə yüksəlib. Ümumiyyətlə, son illər enerji sisteminə qoyulmuş investisiyalar, modernləşmə işlərinin aparılması nəticəsində səmərəlilik, elektrik enerjisinin keyfiyyət göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlib, itkilərin səviyyəsi isə aşağı düşüb.

Son 12 ildə elektrik enerjisinin ötürülməsi və paylanmasında itkilərin 22,4 faizdən 10,2 faizədək, 1 kilovat-saat elektrik enerjisinin istehsalına yanacağın xüsusi sərfinin isə 305,6 qramdan 263,4 qrama qədər azaldılmasına nail olunub. Respublikanın energetika sisteminin infrastrukturunda da ciddi dəyişikliklər edilib. Belə ki, hazırda ümumi gücü 25 min 133,5 meqavat-amper olan 110-500 kilovoltluq 228 yarımstansiya fəaliyyətdədir.

Yeni istehsal güclərinin yaradılması hesabına son 12 ildə elektrik enerjisinin istehsalında 39,7 faiz artım əldə edilib. Ölkənin inkişafı, əhalinin artımı, sənayeləşmə prosesi ilə əlaqədar olaraq elektrik enerjisinin istehlakı 58,3 faiz artıb. 2022-ci ilin avqust ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2 milyard 837,7 milyon kilovat-saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 68,9 milyon kilovat-saat, yaxud 2,5 faiz artması deməkdir.Ümumilikdə cari ilin yanvar-avqust aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 488,8 milyon kilovat-saat, yəni 2,6 faiz artaraq 19 milyard 115,7 milyon kilovat-saat təşkil edib.

İxracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu möhkəmlənir. Yeni stansiyaların tikintisi ölkəmizin daxili tələbatını tam ödəməklə bərabər, elektrik enerjisinin ixracına da imkan verir. Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu möhkəmlənir. Əgər 2006-cı ildə respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün 1,8 milyard kilovat-saat elektrik enerjisi idxal edilirdisə, 2021-ci ildə bu göstərici 151,6 milyon kilovat-saata qədər azalıb.Elektrik enerjisinin mübadiləsi hazırda Azərbaycan və Gürcüstan arasında 500 kilovoltluq Samux-Qardabani və 330 kilovoltluq Ağstafa-Qardabani, Türkiyə ilə iki dövrəli 154 kilovoltluq “İğdır-Babək”, 34,5 kilovoltluq “Aralıq-Sədərək”, Rusiya ilə 330 kilovoltluq “Yaşma-Dərbənd”, 110 kilovoltluq “Yalama-Bilici” elektrik verilişi xətləri vasitəsilə həyata keçirilir. Azərbaycanla İranın enerji sistemləri arasında elektrik enerjisi mübadiləsi isə 330 kilovoltluq “Muğan”, 230 kilovoltluq “İmişli”, 110 kilovoltluq “Astara-Astara”, 132 kilovoltluq “Araz-Araz” və 132 kilovoltluq “Culfa-Culfa” elektrik veriliş xəttləri vasitəsilə reallaşdırılır.

Pilot layihələrdən əlavə özəl sektorun və xarici investorların iştirakı ilə yeni güclərin potensial ərazilərdə ikitərəfli müqavilələr və hərraclar vasitəsilə reallaşdırılması istiqamətində hazırlıq tədbirləri görülür. Belə ki, investisiya cəlbi üçün beynəlxalq təcrübədə rast gəlinən bərpaolunan enerji mənbələri ərazilərinin yaradılması və investorlara təqdim olunması üçün günəş və külək enerjisi potensialı olan digər 5 sahədə yeni layihələrin həyata keçirilməsinin mümkünlüyü dəqiqləşdirilib.

Bununla yanaşı külək enerjisi ilə müqayisədə ölkənin bütün ərazisində mövcud olan günəş enerjisi potensialından, kənd təsərrüfatına yararsız torpaqlardan istifadə edilməsi, bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı güclərinin paylaşdırılması üçün növbəti illərdə regionlarda layihələrin həyata keçirilməsi planlaşdırılır. Bununla əlaqədar Energetika Nazirliyi tərəfindən günəş enerjisi üzrə ən çox potensiala malik 15 inzibati-ərazi vahidi müəyyənləşdirilib, hazırda torpaqların təyinatı, elektrik enerjisi şəbəkəsinə qoşulma imkanları araşdırılır. Həmçinin bərpaolunan enerji hərraclarının layihələndirilməsi və icrası üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində hərrac qaydaları, elektrik enerjisinin satınalınması, elektrik şəbəkəsinə qoşulma, torpaq icarə müqavilələri və digər sənədlər hazırlanır.

Eyni zamanda, elektrik şəbəkəsinə qoşulacaq yeni güclərin dövrlər üzrə optimal həddi müəyyənləşdirilir ki, layihələrin gələcəkdə şəbəkəyə inteqrasiyası zamanı problemlər yaranmasın. Hesablamalara əsasən, 2030-cu ilədək üç mərhələdə 440 meqavat, 460 meqavat və 600 meqavat həcmində qoyuluş güclərinin şəbəkəyə inteqrasiyası mümkündür.

Azərbaycan Ordusunun Ermənistanın təxribatlarına qarşı əks-hücum əməliyyatlarını uğurla həyata keçirərək torpaqlarımızı işğaldan azad etdiyi bu tarixi günlərdə regionun təhlükəsizliyi və onun təmin olunmasında enerji amilinin rolu xüsusilə aktuallıq qazanır. Çünki hazırda ölkəmizin apardığı haqq savaşının əsas məqsədlərindən biri də ədalətin bərpası ilə yanaşı, Azərbaycanın səyləri nəticəsində regionda qazanılmış sabitlik və inkişaf mühitinin dayanıqlılığının təmin edilməsi və gələcək üçün təhlükələrin aradan qaldırılmasıdır.

Ermənistanın təcavüzkar mövqeyi illərdən bəridir ki, Cənubi Qafqaz regionunun gələcəyini təhdid edən əsas təhlükə mənbəyinə çevrilib. Ərazilərimizin işğalı beynəlxalq hüquq normalarının, bir milyon vətəndaşımızın insan hüquq və azadlıqlarının pozulması ilə bərabər, regionun imkanlarından, iqtisadi potensialından tam istifadəni də əngəlləyir, eyni zamanda, əldə edilmiş nailiyyətlər üçün təhdidlər yaradır. Son hərbi əməliyyatlar zamanı beynəlxalq humanitar hüquqa, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasına, onun Əlavə protokollarının tələblərinə və humanitar atəşkəs razılaşmasına zidd olaraq Ermənistan tərəfindən dinc əhalinin, mülki obyektlərin, eləcə də strateji əhəmiyyətli enerji infrastrukturunun davamlı atəşə tutulması bunun bariz nümunələridir.

Terroru dövlət siyasətinə çevirmiş Ermənistan Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan və energetiklərin peşə bayramı üçün də tarixi əsas rolunu oynayan “Azərbaycan” İES-i, ölkəmizin ən böyük su elektrik stansiyası olan “Mingəçevir” su elektrik stansiyasını (SES) də davamlı hədəfə alır, həmçinin yaşayış məntəqələrimizin raket atəşinə tutulması elektrik qurğularının və müxtəlif gərginlikli elektrik xətlərinin vurulması faktları ilə müşayiət olunur.

2021-ci il yanvarın 6-da keçirilən 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Azərbaycan Respublikasının Prezidenti işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması məsələsini xüsusi olaraq vurğulayıb və bu məqsəd ilə bağlı qarşıya vəzifələr qoyub. Bununla əlaqədar “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 may tarixli Sərəncamı ilə Energetika Nazirliyinə vəsait ayrılıb.

“Yaşıl Enerji Zonası” yaradılmasına dair ölkə Prezidentinin müvafiq tapşırığına uyğun olaraq, BP şirkəti ilə 2021-ci il 3 iyun tarixində Zəngilan/Cəbrayıl ərazisində 240 meqavat gücündə GES-in tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair “İcra Müqaviləsi” imzalanmış və bu sahədə işlər davam etdirilir.İşğaldan azad olunmuş ərazilərdə aparılacaq quruculuq işlərində məhz “yaşıl” enerji layihələrinə üstünlük verilir. İlkin qiymətləndirməyə əsasən, ərazinin günəş enerjisi potensialı 7200 meqavat və külək enerjisi potensialı 2000 meqavat olaraq müəyyən edilib.

Həmin ərazilərin bərpa olunan enerji potensialından səmərəli istifadə etmək məqsədilə Kəlbəcər və Laçın rayonları ərazisində ilkin qiymətləndirmə nəticəsində müəyyənləşdirilmiş sahələrdə özəl investisiya hesabına 100 meqavat gücündə külək enerjisi layihəsinin həyata keçirilməsi məqsədilə Agentlik tərəfindən “Məlumat sorğusu” sənədi (RFI) hazırlanıb və bu sahədə ixtisaslaşmış enerji şirkətlərinə təqdim olunub.Torpaqlarımızın işğaldan azad edilməsi qarşımızda yeni vəzifələr, fəaliyyət planları müəyyənləşdirir.

Biz azad edilmiş torpaqlarımızdakı hər evə qayıdış planına uyğun olaraq işıq, enerji, həyat gətirmək üçün daha böyük əzmlə çalışmaq lazımdır. Bütün bunlar dövlətimizin başçısının həyata keçirdiyi çoxşaxəli inkişaf siyasətinin və bu siyasətdən irəli gələn vəzifələri energetika sektorunda layiqincə yerinə yetirən Azərbaycan energetiklərinin çətin və şərəfli əməyinin bəhrəsi olan bu reallıqlar gələcəyə daha nikbin baxmağa əsas yaradır. 

14:24 - 20 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin