Bakıda sahibsiz itlər problemi getdikcə daha çox vətəndaşın narahatlığına səbəb olur. Bu problem demək olar ki, bir çox qəsəbələrdə yaşanır və sakinləri təngə gətirib.
BAKU.WS-in "qaynar xətti"nə müraciət edən Biləcəri sakinləri də bildiriblər ki, məlum məsələ ilə bağlı ciddi çətinliklərlə üzləşirlər. Belə ki, qəsəbənin Yəhya Hüseynov küçəsi, 3, 4 və 5-ci bina ətrafında yaşayan sakinlər son zamanlar sahibsiz itlərin davranışından qorxu içində yaşayırlar.
Sakinlərin bildirdiyinə görə, 20-30 baş sahibsiz itdən ibarət sürü tez-tez insanlara hücum edir, xüsusilə axşam və gecə saatlarında təhlükə daha da artır. Gecələr bu itlərin hürməsi qəsəbədə yaşayanların dincəlməsinə mane olur, uşaqların və yaşlıların rahatlığını pozur. Eyni zamanda azyaşlıların məktəbə getməsi üçün də ciddi təhlükə yaranıb.
Sahibsiz itlər sakinlərin həyətlərinə daxil olaraq toyuqları boğur, təsərrüfat işlərinə zərər yetirir. Ötən gün bir sakinin bağına girən itlər 10 toyuğu öldürüb, bu da həm maddi, həm də mənəvi narahatlıq yaradıb.
Qeyd edək ki, hazırda sahbsiz itlərlə məşğul olacaq heç bir qurum yoxdur. Bundan əvvəl "Toplan" adlı qurum sahibsiz itləri müəyyən sığınacaqları yerləşdirirdisə, hazırda bu qurum da fəaliyyətini dayandırıb. Belə olan halda vətəndaşlar hara müaciət edəcəklərini və problemlərini necə həll edəcəklərini bilmirlər.
Məlumat üçün bildirək ki, dünya ölkələri sahibsiz itlər problemini həll etmək üçün müxtəlif yanaşmalar tətbiq edirlər. Bu yanaşmalar həm itlərin rifahını təmin etməyə, həm də insanların təhlükəsizliyini qorumağa yönəlib. Aşağıda bəzi ölkələrin sahibsiz itlərlə bağlı təcrübələri təqdim olunur:
Avropa ölkələri
Avropa ölkələrinin əksəriyyəti sahibsiz itlərin hüquqlarını qoruyan qanunlar qəbul edib. Əsas yanaşma sterilizasiya, humanist toplanma və reabilitasiya mərkəzlərinin yaradılmasıdır.
Almaniya: Sahibsiz heyvan problemi çox azdır. Çünki itlər xüsusi sığınacaqlarda yerləşdirilir, burada onların sağlamlığına diqqət yetirilir. Ev heyvanlarını tərk edən sahiblər cərimələnir.
İtaliya: İtaliyada "tut-sterilizasiya-etibar et" proqramı tətbiq edilir. Sahibsiz itlər sterilizasiya olunaraq azad buraxılır və reabilitasiya proqramlarına cəlb edilir.
Hollandiya: Sahibsiz itlər problemi tamamilə aradan qaldırılıb. Bu, sterilizasiya, geniş maarifləndirmə kampaniyaları və heyvan sahibliyi ilə bağlı sərt qanunların tətbiqi nəticəsində mümkün olub.
Şimali Amerika
ABŞ və Kanada sahibsiz heyvanlarla bağlı yaxşı təcrübələri ilə seçilir.
ABŞ: Bir çox ştatda sığınacaqlar və reabilitasiya mərkəzləri mövcuddur. "Adopsiya" proqramları ilə itlər yeni sahiblərə verilir. Ev heyvanını tərk edən sahiblər ciddi cərimələrlə üzləşir.
Kanada: Sahibsiz itlər əsasən sığınacaqlara toplanır. Sığınacaqlar həm dövlət, həm də könüllü təşkilatlar tərəfindən idarə olunur.
Asiya ölkələri
Asiya ölkələrində yanaşmalar geniş dəyişkənlik göstərir. Bəzi ölkələr müasir metodlara, digərləri isə ənənəvi üsullara üstünlük verir.
Hindistan: Hindistanda sahibsiz itlərin sayı çoxdur. Yerli hakimiyyət orqanları sterilizasiya və peyvənd proqramları həyata keçirirlər. Bundan başqa, xüsusi sığınacaqlar yaradılır.
Cənubi Koreya: Sahibsiz heyvanlar humanist üsullarla toplanır və dövlətin dəstəklədiyi sığınacaqlarda yerləşdirilir. Müxtəlif heyvansevər təşkilatlar bu işə aktiv şəkildə dəstək verir.
Türkiyə
Türkiyədə "tut-sterilizasiya-burax" prinsipi tətbiq edilir. İtlər sterilizasiya edilir, peyvənd olunur və təkrar öz ərazilərinə buraxılır. İstanbul və Ankarada sahibsiz heyvanlar üçün xüsusi mərkəzlər fəaliyyət göstərir.