Dünya qan çanağına dönür - İsrail - İran müharibəsi başlayır?

 Dünya qan çanağına dönür - İsrail - İran müharibəsi başlayır?

“HƏMAS-ın İran tərəfindən dəstəklənməsi yeni xəbər deyil. Çünki İran tərəfi Qüds başda olmaqla, Fələstin torpaqlarının azad olunmasını qarşısına məqsəd qoyub. Eləcə də İsrailin məhv edilməsi Tehran hakimiyyətinin başlıca hədəfidir”. 

Asayis.Az 
xəbər verir ki, bu sözləri iranşünas, politoloq Sədrəddin Soltan deyib. 

O, oktyabrın 7-dən start götürən Fələstin-İsrail döyüşlərinin pərdəarxası məqamına, habelə İran-İsrail müharibəsinin baş vermə ehtimalına şərh bildirib. 

Analitikə görə, əgər İranın başlıca hədəfi “İsrailə ölüm” şüarıdısa, o halda İsrailə qarşı olan qüvvənin İran tərəfindən maliyyələşməsi Tehran üçün təbiidir: 

“Odur ki, bu məsələdə İranın hansısa formada iştirakı istisna edilmir. Bunu İranın ayrı-ayrı rəsmilərinin verdiyi bəyanatlar da təsdiqləyir. Məsələn, İranda İslam İnqilabı Keşikçiləri Korpusunun - SEPAH-ın komandiri, İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, general-mayor Məhəmməd Baqeri açıqlamasında deyib ki, Tehran HƏMAS-la koordinasiya şəklində fəaliyyət göstərir. Yaxud İranın Ali Dini Lideri Seyid Əli Xamaneinin nümayəndəsi, “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari bəyan edib ki, Yəmən, Suriya, HƏMAS, “Hizbullah” və İran bu məsələlərdə bir-biriləri ilə əlaqəli şəkildə fəaliyyət göstərirlər”. 

Müsahibimiz xatırladıb ki, bir neçə gün öncə Suriyanın Hüms şəhərində zabitlərin buraxılış tədbirində baş verən hücum zamanı 100-dən çox zabit ölmüşdü:

“Ondan sonra SEPAH-ın baş komandanı, general-leytenant Hüseyn Salami söyləmişdi ki, bu hücumun cavabını verəcəklər. Yaxud İran prezidenti İbrahim Rəisinin “İslami-Cihad” və HƏMAS-ın liderləri ilə telefonda danışması bu dəstəklənməyə aid örnəklərdir. Amma bu, o demək deyil ki, İran İsraildə gedən döyüşlərdə iştirak etmir. İranın birbaşa döyüşlərdə açıq iştirak etməsi və bəyan etməsi ki, Tehran HƏMAS tərəfindən döyüşür, bu, artıq İranın İsrailə qarşı müharibəsi deməkdir. Buna görə də İran rəsmiləri bu məsələni təkzib edir ki, İranın bu əməliyyatla əlaqəsi yoxdur. Lakin bununla belə, Tehran HƏMAS-ın fəaliyyətini dəstəklədiyini qeyd edib. Biz ehtimallarımızı İran rəsmilərinin açıqlamaları və mövcud informasiyalar əsasında deyirik”. 

Onun sözlərinə görə, İsrail tərəfi - “Saxal” döyüşlərdə iştirak edən İran hərbçisi saxlamayıb, yaxud HƏMAS-ın hücumu zamanı neçə iranlının iştirakı ilə bağlı məlumat yoxdur: 

“Burada tailandlı bir hərbçinin ölümü ilə bağlı Tailand Xarici İşlər Nazirliyi tərəfindən məlumatlar yayılıb, amma İranın birbaşa İsrailə müdaxiləsi və orada iştirakını təsdiqləyən hər hansı bir fakt rəsmi Təl-Əviv tərəfindən hələlik açıqlanmayıb. Lakin söylədiklərim İran tərəfindən səslənən fikirlər və faktlardır. Çünki rəsmi Tehran HƏMAS-ı alqışladıqlarını və onu dəstəklədiklərini bildirib. 

İsrail tərəfdəki bir çox mütəxəssislər hesab edir ki, HƏMAS onları aldadıb. Çünki HƏMAS 2005-cı ildəki seçkiləri qazanandan sonra Qəzzada hakimiyyətə gələndə bəyan edirdilər ki, İsraillə əməkdaşlığı genişləndirmək istəyirdilər və s. Lakin israilli rəsmilər qeyd edir ki, HƏMAS onları aldadıb və onlara qarşı hazırlıqlar görüblər. Məncə, bu ehtimal elə də inandırıcı görünmür, çünki Qəzza zolağı balaca bir ərazidir və HƏMAS-ın orada gördüyü işləri İsrailin izləməsi elə də çətin məsələ deyil. Ona görə də bu versiyaya inanmıram, amma HƏMAS-ın İsrailə qəfil hücumu artıq faktdır. Görünən odur ki, İsrail tərəfi də özündə hansısa arxayınlıq yaradıb ki, bu hadisələr baş verdi”. 

S. Soltana düşünür ki, hazırda İsrailin başlıca hədəfi HƏMAS-ın bütün hərbi obyektlərini, döyüşçülərini məhv etmək və Qəzza zolağında HƏMAS-ın təsirini bitirməkdir: 

“Çünki İsrailə 2 istiqamətdən hücum edilir. Birincisi, Livan sərhədindən, digəri isə Qəzza zolağından. Hər iki ərazidəki hərbi obyektlərin məhv edilməsi indi İsrailin məqsədidir. Sadəcə olaraq, ayrıca bir dövlət olduğu üçün İsrail oraya açıq şəkildə müdaxilə edə bilmir. Təl-Əviv o zaman Livan ərazisinə müdaxilə edə bilər ki, “Hizbullah” bu əməliyyatlarda hansısa şəkildə müdaxilə etsin. Livan isə hələlik bu əməliyyatlarda iştirak etmədiyini qeyd edib. Doğrudur, Livan Xarici İşlər Nazirliyinin bəyanatında HƏMAS-a dəstək ifadələri yer alsa da, rəsmi Beyrut “Hizbullah”ın müvafiq əməliyyatlarda iştirakını inkar edib. Livan rəsmiləri bildiriblər ki, əgər İsrail Livan ərazisinə müdaxilə etsə, “Hizbullah” da döyüşlərdə iştirak edəcək”. 

“HƏMAS-ın Qəzza zolağında zərərsizləşdirilməsi 17 il bundan öncə seçilmiş bir hökumətin sıradan çıxarılması deməkdir. “Əl-Qəssam” briqadası və “İslami-Cihad” terrorçu təşkilatlardır və “Əl-Qəssam” briqadası HƏMAS-ın silahlı qoludur və ona qarşı mübarizə çətin deyil. Amma HƏMAS daha böyük bir siyasi qüvvədir. Ona görə də İsrail hakimiyyəti bu hərbi-siyasi qüvvəni sıradan çıxarmaq istəyir. Mənə elə gəlir ki, bu ayın sonuna qədər əməliyyatlar başa çatacaq”, - fikirlərini yekunlaşdırıb. (Yenisabah.az)

16:48 - 9 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin