Koçaryan və Sarkisyanın həbs yolu göründü - “Interpol” vasitəsilə...”

 Koçaryan və Sarkisyanın həbs yolu göründü - “Interpol” vasitəsilə...”

“Qarabağda cinayət törədənlərin məsuliyyətə cəlb olunması üçün azad hüquqi prosedurlardan istifadə etməlidir. Lakin digər ölkənin ərazisində hansısa xüsusi əməliyyatın keçirilməsi qəbuledilməzdir. Hətta ölkə qanunvericiliyi də buna imkan vermir, habelə beynəlxalq konvensiyalar buna izn vermir”.

Asayis.Az xəbır verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış vəkil Əsabəli Mustafayev deyib.

O, separatçı rəhbərlərin tutulması əsnasında Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı qətliamlarda iştirak edən Ermənistanın sabiq prezidentləri – Robert Koçaryan və Serj Sarksiyanın da Azərbaycanda məsuliyyətə cəlb olunma ehtimallarından və bunun hüquqi müstəvidə necə həyata keçirilməsindən söz açıb.

Ə. Mustafayevin fikrincə, belə bir əməliyyat uğurlu olsa belə, Azərbaycanı dövlət olaraq çox ciddi beynəlxalq qınaqla üz-üzə qoya bilər:

“İcrasına başlanılmış cinayət işi çərçivəsində, qiyabi də olsa, ittiham elan olunmalıdır. Eləcə də cinayətkarların təhvil verilməsi istiqamətində, ilk növbədə, Ermənistana, paralel olaraq da “Interpol”a müraciət edilməlidir. Ola bilsin ki, sadaladığım hüquqi addımlar nəticə verməsin, yəni heç kim Serj Sarkisyanla Robert Koçaryanı tutmasın, ancaq hüquqi şəkildə müvafiq addımlar atılmalıdır. Çünki gələcəkdə nə olacağını heç kim bilmir. Ona görə də əlimizdə indidən hüquqi əsaslar olmalıdır”.

Vəkil xatırladıb ki, hazırda siyasi şərait dəyişib:

“Bəlkə də gün gələcək, Ermənistanın siyasi rəhbərliyi həmin adamları cani kimi tanıyacaq və şərait yaradılacaq ki, onları rəsmi İrəvandan tələb edə bilək. Həmin şəxslərin “Interpol”la axtarışa verilməsi vacibdir, Harayasa getmək istəyəndə sərhəddə saxlanılacaqlar və s.

İstənilən halda bu, Sarkisyan və Koçaryanda narahatlıq yaradacaq, onlar təşviş keçirəcəklər. Ömürlərinin sonuna qədər vəsvəsə içində yaşayıb Ermənistandan çıxmağa qorxacaqlar. Elə bunun özü də bir nəticədir”.

 

15:48 - 5 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin