DTX-nin saxladığı separatçıların keçmiş “prezident”ləri - MARAQLI FAKTLAR

 DTX-nin saxladığı separatçıların keçmiş “prezident”ləri - MARAQLI FAKTLAR

 

Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Araik Arutyunyan, Arkadi Qukasyan və Bako Saakyan, “Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.

Saxlanılan separatçılar kimlərdir?

Araik Arutyunyan 14 dekabr 1973-cü ildə Xankəndi şəhərində anadan olub. 1992-ci ildə Qarabağda yaradılan qanunsuz silahlı birləşmələrin tərkibində Azərbaycan ordusuna qarşı döyüşüb. 2010-cu ildə rəhbərlik etdiyi "Azat Ayenik" partiyası qondarma respublikanın parlamentinə keçirilən seçkilərdə 33 yerdən 14-nü qazanaraq qalib gəlib. Araik 31 mart 2020-ci ildə qondarma respublikanın başçısı seçkilərində birinci turda 1-ci yeri tutub. 44 günlük Vətən müharibəsində Azərbaycana qarşı bir sıra təxribatlarda iştirak edib. Bütün təxribatlarının qarşısı ordumuz tərəfindən alınıb, Araik rəzil duruma düşüb.

David İşxanyan 1968-ci il dekabrın 28-də Xocavənd rayonunun Heşan kəndində doğulan David İşxanyan Azərbaycan torpaqlarının işğalının fəal iştirakçısıdır, 1992-1995-ci illərdə Martuni batalyonlarının birinə komandirlik eləyib. 1989-cu ildən Daşnaksütun Partiyasının üzvüdür. Onun da iştirakı ilə 1988-ci ildə Yuxarı Qarabağ erməniləri bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. 1991-ci ildə bölgə "müstəqil dövlət" elan edilib, bunun ardınca müharibə alovlanıb. 1994-ci ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycan ərazilərinin altıda birini işğal edib.

Arkadi Qukasyan 22 iyun 1957-ci ildə Xankəndidə anadan olub. O, 8 sentyabr 1997-ci ildə "Qondarma Dağlıq Qarabağ" Respublikasının ikinci "prezident"i seçilib və 2002-ci ildə yenidən seçilib. 1991-ci ildə Arkadi Qukasyan Dağlıq Qarabağ Respublikasının ilk "parlament"inə "depuat" seçilib. 1992-ci ilin sentyabr ayında "Dövlət Müdafiə Komitəsi"nin sədri təyin olunub və ATƏT-in Azərbaycanla görüşləri zamanı "Dağlıq Qarabağ"ın "nümayəndə heyətləri"nə rəhbərlik edib.

1993-cü ildən "Dağlıq Qarabağın Təhlükəsizlik Şurası"na üzv olub. 1993-cü il iyulun 23-də "Dağlıq Qarabağ Respublikası"nın ilk "xarici işlər naziri" olub.

Bako Saakyan 1960-cı ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi şəhəri olan Xankəndidə doğulub. 1998-ci ildə Dağlıq Qarabağdakı separatçı hərəkata qoşulanadək muxtar vilayətdə müxtəlif vəzifələrdə çalışıb. 1990-cı ildə separatçıların Azərbaycana qarşı hərbi hərəkatına qoşulub. Həmin illərdə Saakyan separatçılar üçün xarici ölkələrdən qaçaqmalçılıq yolu ilə silah gətirilməsinə məsul idi. Bir sözlə, o, karyerasına belə başlayıb. Lakin bir müddət sonra onun pul mənimsədiyi üzə çıxıb və nəticədə bu "vəzifə"dən kənarlaşdırılıb.

Separatçıların lideri olan Saakyan sadə insanların inamını pulla, yaxud onların borclarını bağlamaqla qazanıb, bununla da tanınıb.

Həmin şəxslər illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:
 

12:24 - 5 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin