Azərbaycanlıların “iPhone” sevdası - “Ciddi milli psixoloji problem yaşayırıq”

 Azərbaycanlıların “iPhone” sevdası - “Ciddi milli psixoloji problem yaşayırıq”

Ötən gecə Bakıda yenə “iphone 15” izdihamı yaşanıb. Vətəndaşlar yeni “iPhone” modelini almaq üçün mağazalara axışıblar. Gecə saatlarına qədər davam edən qızğın alış-verişdən görüntülər yenə də müzakirələrə səbəb olub. Maraqlıdır ki, imkanı aşağı olan insanlar da hər yeni “iPhone” satışa çıxdıqda onu almaq üçün son qəpiklərini belə xərcləməkdən çəkinmirlər. Sağlamlığı üçün ildə bir dəfə həkim müayinəsindən keçməyi çox görən, təhsilinə, inkişafına heç bir yatırım etməyən insanlar 2000 manatdan baha qiymətə olan telefonu əldə etmək üçün kredit altına girməyi belə gözə alırlar. Məlum, yeni nəsil bahalı “iPhone” istifadəçilərinin çoxu bunu göstəriş üçün edir. 

Asayis.Az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən sosioloq Elçin Bayramlının fikrincə bu, psixoloji problemdir, xüsusən bizim kimi cəmiyyətlərdə:

“Məlumdur ki, şirkətlər hər dəfə yeni telefon istehsal etdikdə onda heç bir ciddi dəyişiklik etmir. Bunun sadəcə adı var – “iPhone 15 işlədirəm”. Ciddi milli psixoloji problem yaşayırıq. Özünü başqalarına göstərmək, digərlərindən üstün görünmək, müsbət mənəvi keyfiyyətləri olmayan insanlar maddi nəsnələrdən mədət umurlar. İnsanın qabiliyyəti, istedadı, savadı, intellekti olmayanda, məcburdur ki, bahalı maşın, geyim, qızıl, telefonla öyünsün”. 

Sosioloqun fikrincə, borc-xərclə lazımsız yerə bahalı telefon almaq xəstə təfəkkürün məhsuludur:



“Son model telefonlarda olan funksiyaların çoxunu heç insanlarımız istifadə etmir. Hamı internetə, sosial şəbəkələrə girir, mesaj göndərir, şəkil şəkir. Bunlar 300-500 manatlıq telefonlarda da var. Ehtiyac olmadığı təqdirdə 2000 manatı telefona verməyi başa düşə bilmirəm. Kreditə, borca girirlər, özlərini çətin vəziyyətə salırlar. Onuncu dərəcəli bir ehtiyacı gətirib, birinci yerə qoyurlar. 

İmkanlı şəxsləri hardasa başa düşmək olar. Adamın pulu çoxdur, nəyəsə xərcləməlidir. Öz işidir. Pulunu çölə atmayacaq ki?! Və yaxud rüşvətlə, haram yollarla pul qazanıb, varlanan insanın pulunu hara xərcləməsinin onunçün bir önəmi yoxdur”.

E.Bayramlı belə hesab edir ki, cəmiyyətin aparıcı qüvvələri nümunə olmalıdır:

“Ya biz xəstəyik, dəliyik, ya da telefonla özümüzü başqalarına göstəririk. Bu, şəxsiyyətin deqradasiyasıdır. Ziyalılar, söz sahibi insanlar cəmiyyətə nümunə olmalıdır. Necə ki, Avropada tanınmışlar, dövlət adamları sadə həyat yaşayır, ictimai nəqliyyatdan istifadə edir. Bizdə də cəmiyyətin nüfuzedici təbəqəsi insanlara örnək olmalıdır. Təbii ki, görəndə ki, ölkədə insana ağlına, biliyinə görə deyil, bahalı kostyumuna, ayaqqabısına, sürdüyü maşına, işlətdiyi nömrəyə görə qiymət verirlər, sabah sadə vətəndaş da əlində “iPhone 15”lə gəzəcək”.

Demokrat.az

17:30 - 30 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin