Erməni bloger Natalya Aleksanyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
Asayis.Az xəbər verir ki, bu barədə bloger özünün “facebook” sosial şəbəkə hesabında məlumat yayıb.
“Hörmətli cənab Prezident. Başa düşürəm ki, ermənilərin Qarabağda qalmasının yeganə yolu onların Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasıdır. Mən özüm də qarabağlıların sevdiyi, fikrinə qulaq asdıqları adamam. Yuxarıda deyilənləri nəzərə alaraq, xahiş edirəm, icazə verin, tezliklə Xankəndiyə gəlim, həmvətənlərimlə yaxın olum, onlara dəstək olum və inteqrasiyasına kömək edim”, - deyə Aleksanyan vurğulayıb.
Qeyd edək ki, Ermənistanda bəzi təxribatçı jurnalistlər blogerə Azərbaycan prezidentinə müraciətinin mətnində niyə "Stepanakert" yox Xankəndi adından istifadə etdiyini soruşduqda Aleksanyan onlara belə cavab verib: "Mən Azərbaycan rəhbərliyinin mənim yazıma baxması üçün oranın adını rəsmi şəkildə olduğu kimi yazmalı idim. Əgər söhbət rəsmi sənəddən gedirsə, məndə Xankəndinin adını düzgün formada qeyd etməliydim".
Missiya.Az