Şuşa rayonu, Şuşa-Laçın avtomobil yolunun Turşsu kəndi yaxınlığından keçən hissəsində avtomobildə yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Asayis.Az-a daxil olan məlumata görə, qaynar xəttə daxil olan məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şuşa Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus “KamAZ” markalı, həcmi 8 ton olan yanacaqdaşıyan avtomobilin yol kənarına aşması ilə yanğınla nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyi müəyyən olunub.
Hadisə zamanı yol kənarında dayanan erməni vətəndaşlara məxsus “Hummer” və “Mercedes” markalı avtomobillərdə də yanğın baş verib.
Yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək ətraf ərazilərə yayılmasına imkan verilməyib.