Hamilə qadınlara XƏBƏRDARLIQ - “Siqaretdən istifadə etsəniz...”

 Hamilə qadınlara XƏBƏRDARLIQ - “Siqaretdən istifadə etsəniz...”

Dünyada ən çox istehlak edilən tütün məmulatları arasında birinci yerdə olan siqaretdən istifadənin yaşı getdikcə cavanlaşır.

Asayis.Az xəbər verir ki, xüsusən də yeniyetmələrin və qadınlar arasında bu zərərli vərdişə qurşananların sayında artım müşahidə olunur.

Tibbi araşdırmalar nəticəsində sübut olunub ki, siqaret çəkən qadınlarda xərçəng xəstəliyinin aşkarlanması siqaret çəkən kişilərə nisbətən ən az 2 dəfə çoxdur.

Xüsusilə də hamilə qadınların siqaretdən mütəmadi istifadəsi ölümcül nəticələr doğura bilər. Ginekoloq Rəşad Sultan Bizim.Media-ya açıqlamasında bildirib ki, siqaret çəkən analarda uşaq bətn daxilində ölə bilər, yaxud beyində oksigen azlığından ömürlük şikəstl qala bilər:

“Siqaretin hamilə qadınlarda dölün inkişafından, qaraciyər hüceyrələrinə qədər bir çox fəsadlar törətdiyi də elm tərəfindən sübuta yetirilib. Siqaret çəkəndə damarlar daralır.

Eyni zamanda uşaqlıq damarları da daralır. Ona görə də uşaqlığa, uşağa gələn oksigen və qida maddələri azalır. Uşaq ac və havasız qalır. Nəticədə uşaqda inkişaf ləngiməsi baş verir. Bundan başqa hamiləlikdə siqaret çəkmə preeklampsiyadan vaxtından qabaq doğuşa qədər bütün hamiləlik problemləri risklərini artırır.
Siqaret qadınların doğuş şansını, ümumilikdə isə hamilə qalma şansını azaldır. Hamilə qadınların vaxtından əvvəl doğuş riski çox yüksəkdir. Siqaret çəkən hamilə qadınlarda müxtəlif qanaxmalar da tez-tez müşahidə olunur”.

Həkim bildirir ki, siqaret çəkən qadınlarda erkən qırışlar, dəri pozğunluqları meydana gəlir, eləcə də depressiyaya meyillilik artır:

“Siqaretin bütün orqanizm sistemləri kimi psixi sağlamlığa da son dərəcə zərərli təsiri var. Siqaret çəkən və ya tüstüyə məruz qalan insanlarda depressiya əlamətlərinə çox tez-tez rast gəlinir və xüsusilə nikotinin səviyyəsinin sürətlə artması və azalması insanın depressiyaya meylliliyini xeyli artırır”.

 

16:00 - 25 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin