“Yeni müqavimət bir sutka ərzində qırılacaq” - Zahid Oruc detalları açıqladı

 “Yeni müqavimət bir sutka ərzində qırılacaq” - Zahid Oruc detalları açıqladı

“19 sentyabrda antiterrora aparan yol əslində Prezident İlham Əliyevin Azərbaycan ərazisinin 20% işğal altına düşməsinin hərbi quruculuq, beynəlxalq əlaqələr, iqtisadi dayaqların möhkəmlənməsi və digər sahələr üzrə genişmiqyaslı antiişğal doktrinasından qaynaqlanıb”.

Asayis.Az xəbər verir ki, bunu KONKRET.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Deputat bildirib ki, Vətən müharibəsindəki qələbə bizi ərazi bütövlüyümüzə qovuşdurmuşdursa, lokal ərazilərdə suverenliyin təminatı mümkün olmamışdı: “Belə olan şəraitdə bir çoxu üçün haqlı suallar yaranırdı ki, əgər 44 günlük savaşımız torpaqlarımızın mütləq hissəsinə bizi qovuşdurubsa, nədən Xankəndidə, Xocavənddə və Xocalıda Azərbaycan bayrağı dalğalanmır və konstitusion quruluşun atributları, tələbləri orada gerçəkləşmir.

Əlbəttə ki, haqlı yanaşma idi. Bununla bərabər, siyasət zaman seçimini çox önəmli hesab edir və burada strateji səbir deyilən termini mütləq işlətmək yerinə düşər. Bu, politoloji siyasi ədəbiyyatlara daxil olmuş termindir. Söhbət ondan gedir ki, biz Vətən müharibəsinin yekununda Ağdamın, Laçının, Kəlbəcərin bir ay içərisində konkret qrafik əsasında azadlığına qovuşduğunu görmüşük.

Ondan sonra Fərrux yüksəkliyinin azad olunması, “Qisas” əməliyyatı, ardınca “Qaragöl” əməliyyatı, 2022-ci il 13-14 sentyabr tarixindəki əməliyyat, Zabux və Susda həyata keçirilən əməliyyatlar göstərdi ki, erməni ordusu Azərbaycan Silahlı Qüvvələrinin qarşısında tab gətirə bilməyəcək.

Daha sonra ötən il dekabrın 12-dən başlayaraq dinc aksiyalarla Xankəndi-Laçın yolunda ekofəalların dinc aksiyası başladı. Məhz bundan sonra Qarabağla Ermənistanın qanunsuz əlaqələrinə ciddi zərbə endirildi. Xüsusilə də silah və hərbi texnikanın göndərilməsinin qarşısı alındı. Bu fonda artıq antiterror tədbirlərinin keçirilməsi sırf zaman məsələsi idi. Azərbaycan bütün resursları işə salmışdı. Ona görə də beynəlxalq aləmdə əleyhimizə uzun illərdir sistemli kampaniya aparan, müxtəlif daxili məsələləri əldə bayraq edən və regionu sümürən dairələr soruşurdular ki, bu antiterror əməliyyatı doğrudanmı baş verəcək?!

Birinci müddəa. Azərbaycan Konstitusiyası tələb edir ki, bir ölkə, bir ordu modeli bərqərar olmalıdır. Konstitusiyanın 94-cü maddəsi silahlı qüvvələrin vahidliyini təsdiq edib. Bu hüquqi tərəfdir. İkinci bayraq altında Ermənistanın və Qarabağdakı saxta rejimin formalaşdırdığı hansısa özünümüdafiə qüvvələri mövcud idi. Bu, yolverilməzdir.

İkinci müddəa. Antiterror tədbirlərini həyata keçirərkən irəli sürdüyümüz ideoloji mühüm prinsip ondan ibarət idi ki, unitar quruluşa malik olan bir dövlətdə siyasi hakimiyyətin vahidliyi təmin edilməlidir. Amma 90-cı illərdə olduğu kimi, Azərbaycan ərazisində özünü prezident elan edən başqa bir şəxs də var idi.

Bu, Azərbaycanda hakimiyyətin mənimsənilməsi adlanır, digər tərəfdən də heç şübhəsiz ki, separatizmin yaratdığı və suverenliyimizə zərbə vuran hadisə idi. Digər müxtəlif etniklər üçün Azərbaycan xaricində ayrı-ayrı planların cızılmasına da səbəb olmuşdu.

Üçüncü müddəa. Otuz il ərzində ərazilər işğal altında qalıb. İndi də dövlət başçımız milyard manatlarla vəsaitlə bu dağıntıları aradan qaldıraraq yeni şəhər quruculuqları, infrastrukturun bərpasını həyata keçirir və böyük qayıdış gerçəkləşir. BMT-nin ali bir prinsipi mövcuddur; özünün qlobal miqyasda rolunu qiymətləndirmək, təhlükəsiz və dayanıqlı qayıdış. İndi sabah Şuşaya, Ağdama, Kəlbəcərə dönən və 30 il məşəqqətli həyat  yaşayan keçmiş məcburi köçkünlərimiz təzdən təsərrüfat həyatlarını, gündəlik mülki həyatlarını formalaşdırarkən yenə Xankəndidən hansısa güllə atılacaqsa, onlar haqlı olaraq soruşacaqlar: Bunun harası təhlükəsiz qayıdışdır?
Dördüncü və ən mühüm müddəa. Azərbaycan Konstitusiyasına qarşı çıxsalar da, ağır cinayətlər törətməmiş insanların xilası da önəmlidir.

Beləlikə, antiterror tədbirləri bir günün içərisində keçirildi və regionda separatizmə ən böyük zərbə oldu. Düşünürəm ki, birinci növbədə Ali Baş Komandan qlobal dünyada əsas partnyorlarımızla uğurlu iş apardı. Azərbaycan Qərbin ölkəmizə qarşı təzyiq siyasəti ilə yanaşı, həm də Avropa dövlətlərinin bir qismi ilə çox yaxın partnyorluq əlaqələri də qurdu. Əməkdaşlıq və ya müttəfiqliyə nail oldu”.

Antiterror tədbirlərindən sonra hələ də təslim olmayan bəzi erməni silahlılarının durumuna toxunan Zahid Oruc bildirib ki, onların da mövcudluğu bir sutkadan çox çəkməyəcək:

“Bir-iki yerdə kiçik taborlar, yaxud da həmin taborların rəhbərləri tabe olmurlar ki, Ermənistana dönəndə ondan qəhrəmanlıq epopeyası düzəldib hakimiyyət uğrunda mübarizə aparsınlar.

Amma bəllidir ki, onların hava hücumundan müdafiə sistemləri, raket sistemləri və digər qüvvələri mövcud olmadığına görə müqavimət imkanları bir sutkadan o yana keçməz. Bu şəraitdə düşünürəm ki, Azərbaycan humanitar alətlərini də işə saldı.

Hansısa beynəlxalq məkanlarda deyil, məhz Yevlaxda, üzümüzün, gözümüzün öyrəşdiyi bir məkanda Qarabağ  nümayəndələrinin görüşü  baş tutdu. İndi humanitar yardımın göstərilməsi gerçəkləşir. Əminəm ki, bunun ardınca

Ermənistan qondarma rejimə 360 miyon dollarlıq maliyyə vəsaitinin tam dayandırılmasına gediləcək.

Paşinyan da bunu arzulayır və Cənab Prezident özünün tarixi müraciətində Ermənistan rəhbərliyinin davranışını yüksək qiymətləndirdi”.

16:30 - 23 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin