“Qarabağ məsələsi yaxın zamanlarda tam bitəcək” - Zərdüşt Əlizadə (MÜSAHİBƏ)

 “Qarabağ məsələsi yaxın zamanlarda tam bitəcək” - Zərdüşt Əlizadə (MÜSAHİBƏ)

Azərbaycan Ordusunun Qarabağdakı separatçı rejimə qarşı lokal antiterror tədbirlərinin nəticələri, bundan sonrakı mərhələdəki proseslər, erməni əhalisinin reinteqrasiyası, sülh sazişi perspektivləri ilə bağlı Azpost.info-nun suallarını politoloq Zərdüşt Əlizadə cavablandırıb: 

-Azərbaycan Ordusu Qarabağda lokal antiterror tədbirləri həyata keçirdi və bir sutkalıq əməliyyat nəticəsində xunta rejimi təslim oldu. Əməliyyatın nəticəsini qənaətbəxş saymaq olarmı?

-Əvvəlcə onu demək lazımdır ki, Azərbaycan bu addımı atmalı idi, yəni ki, antiterror tədbirləri görülməli idi. Bu, zərurətdən irəli gəldi. Çünki başqa yol qoymadılar. Azərbaycan Ordusunun antiterror əməliyyatını uğurlu saymaq olar. Azərbaycanın Ermənistana da, Qarabağdakı qondarma rejimə də təkliflərini nəzərə almaq lazımdır. Azərbaycan dinc şəkildə məsələnin həlli üçün dəfələrlə təkliflər verdi. Amma erməni tərəfi ağılsız siyasət apardılar, nəticəsi də belə oldu. Onlar döyülmədən, öldürülmədən, vurulmadan bu təklifləri qəbul etsəydilər, daha hörmətli olardılar. Onlar bunu qanmadılar, Bakıdan gedən təklifləri qəbul etmədilər. Ümumiyyətlə, ermənilərin sanki düşünmək, siyasət aparmaq qabiliyyətləri yoxdur. 30 ildir Azərbaycan indikindən qat-qat yaxşı, ermənilərin xeyrinə olan təkliflər verib. 30 ildir Bakı deyir gəlin sülhə, gəlin adam olun. Onlar isə dedilər ki, “yox, biz adam olmuruq”. Yanlış təsəvvürlərlə, yanlış iddialarla yaşadılar, yanlış siyasət apardılar. İndi də bu səhvlərin acısını artıqlaması ilə yaşayırlar. Bu da onların seçimidir, nə demək olar.

-Bundan sonra hansı addım atılmalıdır?

-Növbəti mərhələ də ermənilərdən asılıdır. Mən istərdim ki, bundan sonra dava olmasın, müharibə bitsin, ölüm-itim olmasın. Azərbaycanın təkliflərini qəbul etsinlər, oturub danışsınlar. Qarabağ ermənilərinin Azərbaycanda yaşamaq şərtləri razılaşdırılsın. Azərbaycan da gərək bir az səbirli, məntiqli davransın. O mənada ki, keçid dövrü tanınmalıdır. Əminəm ki, gələcəkdə barışıq da olacaq, müəyyən qarşılıqlı işlər də görüləcək. Lakin müəyyən vaxtadək Qarabağ ermənilərinə Bakıdan təzyiqlər olmasın. Əks halda, Azərbaycanın hörmətinə dünyada ziyan dəyəcək. Biz bilirik ki, onların beynəlxalq aləmdə havadarları çoxdur və Azərbaycana qarşı necə davranırlar.

-Sizcə, ağıllandılarmı? Bu sualı ona görə verirəm ki, erməni sosial şəbəkə seqmentində yenə də “biz indi təslim olduq, zəifik, amma qayıdacağıq, mübarizəmiz bitmədi” kimi fikirlər səsləndirilir…

-Deyirlər, deyəcəklər də. Rəhmətlik Cəlil Məmmədquluzadənin “Bəlkə də qaytardılar” hekayəsi var. Orada 1920-ci ildir, köhnə hökumət üzvləri deyirlər ki, hakimiyyəti bəlkə də qaytardılar. İndi də ermənilər oturub iddia edirlər ki, bəlkə də qaytardılar. Alınmadı da, işğal baş tutmadı, qatar da getdi. Bu gün “bəlkə də qaytardılar” ideyası ilə yaşayan ermənilər anlamalıdırlar ki, perronda boşuna var-gəl edirlər, qatar gedib, işıqlar da sönüb.

Ermənilərin bəlası ondadır ki, imkanlarını düzgün dəyərləndirmirlər. Məsələn, bilirəm ki, bir kilo alma almaq imkanım var, amma “Bentley” ala bilmərəm. Ermənilər “Bentley” almaq istəyirlər, amma pulları bir kilo alma almağa çatır. Hesab edirəm ki, indi ermənilər ağıllarını başlarına yığmalıdırlar, imkanlarına uyğun davranmalıdırlar.

–Sabah Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Azərbaycan rəsmilərinin görüşü keçiriləcək, reinteqrasiya məsələsi müzakirə olunacaq. Bu görüşdən gözləntiniz nədir?

-Artıq atəşkəs elan olundu,  razılaşmadan biri də Yevlaxda reinteqrasiya istiqamətində danışıqlar aparılacaq. Bu çox yaxşı haldır. Məncə, bu görüşün müsbət nəticəsi olacaq. Düzdür, səhv etmirəmsə, əvvəl iki dəfə də Xocalıda görüş keçirilib, nəticə olmadı. İndi sual oluna bilər ki, niyə belə əminliklə nəticə olacaq deyirəm. Əvvəlki görüşlərdə Rusiya sülhməramlılarının komandanlığı iştirak etmişdi. Eyni zamanda, əvvəlki görüşdən əvvəl belə ciddi antiterror əməliyyatı keçirilməmişdi. İndi razılıq var ki, separatçı rejim təslim olur, silahlarını təhvil verir, qondarma qurum ləğv edilir. Belə şəraitdə görüş nəticəsiz qala bilməz. Təbii ki, reinteqrasiya prosesi uzun prosesdir. Bir görüşlə sabah “barışacağıq” deyə bilmərəm. Bayaq dediyim kimi, zaman lazımdır, keçid dövrü tanınmalıdır. 30 illik düşmənçilik 30 saat ərzində bitə bilməz. Amma yanvaş-yavaş nəticəyə nail olunmalıdır, məncə, müsbət nəticələr əldə ediləcək.

-Ermənistanda da vəziyyət qarışıb, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir. Bunun sonu necə olacaq?

-İndi Paşinyanı devirmək istəyirlər. Bunun da arxasında dayanan Rusiyadır. Moskvanın Ermənistandakı adamları, dəstəklədiyi siyasi qüvvələr Rusiyanın göstərişi ilə Paşinyanı hakimiyyətdən qovmaq niyyətindədirlər. Özü də deyim ki, həlar bunu Ermənistan dövlətçiliyi üçün etmirlər. Məqsədləri yenidən erməni xalqını qarət etmək, rüşvət  almaq, yüksək vəzifələrdə oturmaqdır. Onların dərdi nə Ermənistanın milli maraqlarıdır, nə xalqdır, nə də Qarabağdır. İnandırım ki, Paşinyanı devirmək istəyənlərin nə Ermənistan vecinədir, nə də Qarabağ. İndi hakimiyyətə gəlmək, daha doğrusu, hakimiyyətə qayıtmaq üçün əllərinə bəhanə düşüb, bundan da istifadə edirlər.

-Məqsədlərinə nail ola, Paşinyanı devirə biləcəklərmi?

-Mənə elə gəlir ki, alınmayacaq. Paşinyanı devirə bilməyəcəklər. Çünki birincisi, erməni xalqı indiki müxalifəti zamanında hakimiyyətdə görüb, bilir hansı potensiala malikdirlər. Ermənilər onların necə qarətçi, quldur, korrupsioner olduqlarını yaxşı bilir. Söhbət Köçəryandan, Sarkisyandan gedir. Bu adamlar hakimiyyətdə olublar da, ermənilərəı qan uddurublar. Ona görə də xalq indi onları istəmir. Düzdür, Paşinyanın reytinqində müəyyən geriləmələr var. Amma erməni cəmiyyəti Köçəryan-Sarkisyan klanını da qəbul etmir. İrəvan merliyinə keçirilən seçkilərin nəticəsi, ümumiyyətlə, seçicilərin iştirak faizi onu göstərdi ki, erməni insanı siyasətdən iyrənib, əksəriyyəti heç bir siyasi qüvvəyə etimad etmir. Reytinqi düşsə də, Paşinyanın tərəfdarlarının sayı daha çoxdur. Ona görə də gözləmirəm ki, Paşinyanı xalq devirsin. Amma Nikola sui-qəsd təşkil edilə bilər, müəyyən qüvvələr onu öldürə, bu vasitə ilə onun hakimiyyətinə son qoya bilərlər. Bu ehtimal azdır, amma istisna deyil.

-Əgər Paşinyan devrilsə, hansısa yolla hakimiyyətdən uzaqlaşdırılsa və Köçəryan-Sarkisyan klanı hakimiyyətə gəlsə, o zaman rəsmi İrəvanın Azərbaycanla bağlı siyasəti nə olacaq?

-Heç nə, indiki siyasəti başqa formada davam etdirəcəklər. Çünki gücləri yoxdur, müqavimət göstərmək, müharibə aparmaq resursları yoxdur. Uzağı, deyəcəklər ki, “Azərbaycanın ərazi bütövlüyünü tanımırıq”, “miatsum” və s. Desinlər da, nə dəyişəcək ki… Məsələ burasındadır ki, Rusiyadan Ermənistana əvvəlki dəstək də yoxdur, bu dəstəyə maraq və imkan da yoxdur. Rusiyanın özünün Ukrayna bataqlığında beli qırılır. Özünə dəstəyi Rusiya güclə verir, Ermənistana nə dəstək verəcək?! İndi ötən əsrin sonları deyil, zaman dəyişib, qlobal proseslər başqa istiqamətdə gedir.

-Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının bundan sonrakı taleyi necə olacaq?

-Onlar çalışacaqlar ki, Qarabağda ermənilər qalsınlar. Çünki Qarabağda ermənilərin qalması sülhməramlıların qalma müddətinin artması deməkdir. 2025-ci ilədək rus hərbçiləri Qarabağda olacaqlar. Rusiya prezidenti çalışacaq ki, bu müddət artırılsın. Amma Azərbaycan bunu istəmir. Biz 2025-ci ilədək Qarabağda qalan ermənilərlə gərək elə münasibətlər quraq ki, sülhməramlılara ehtiyac qalmasın. Etimad mühiti yaranmalıdır, əməkdaşlıq başlamalıdır. Bütün dünya da görsün ki, Azərbaycan erməniləri incitmir, Bakının məqsədi erməniləri incitmək yox, dövlət suverenliyini beynəlxalq aləm tərəfindən tanınan bütün ərazilərində bərpa etməkdir.

-Qarabağda müharibə cinayətləri törətmiş şəxslər var ki, onlara güzəşt olmalıdırmı?

-Hesab edirəm ki, amnistiya haqqında qanun müzakirə olunmalıdır, qəbul edilməlidir. Orada göstərilməlidir ki, əlində silah Azərbaycana qarşı vuruşmuş insanlar ağır cinayət törətmiş sayılmırlar. İndi mən deyəcəm, yanlış anlaşılacaq. Baxın, onlar bir rejimin girovunda olublar, özünə “dövlət” deyən bir rejim onları hərbiyə çağırıb, məcburi döyüşdürüb. Əgər onlar hərbi cinayət törətməyiblərsə, əsirləri döyməyiblərsə, öldürməyiblərsə, mülki şəxsləri öldürməyiblərsə, işgəncələr verməyiblərsə, demək ki, cinayət törətməyiblər. Qarabağda erməni kişi sakinlərin demək olar ki, “müdafiə ordusu” tərkibində döyüşüblər. Bunların hamısını müharibə cinayətkarı kimi tutmaq da ağıllı variant deyil. Düşünürəm ki, belə şəxslərə qarşı amnistiya tətbiq edilməlidir.

Bəli, orada müharibə cinayətləri törətmiş, azərbaycanlılara qarşı soyqırımılar həyata keçirilməsində iştirak etmiş, bu cinayətləri təşkil etmiş şəxslər var ki, onlar da Azərbaycan qanunları çərçivəsində cəzalandırılacaqlar.

Amma müharibə cinayəti törətməyənlər “müdafiə ordusu” adlandırılan “ordu” tərkibində döyüşüblərsə də, onlara amnistiya düşür. Müharibələrdən, münaqişələrdən sonra həmişə qalib tərəf amnistiya haqqında qanun qəbul edib. Çeçenistanda Rusiya müharibə etdi, sonra ruslara qarşı əlində silah döyüşmüş bütün çeçenləri əfv etdi. Onlar da getdilər Rusiya ordusuna qoşuldular, başladılar maaş almağa.

–İndi demək olarmı ki, Azərbaycan Qarabağ münaqişəsinə birdəfəlik son qoyur?

-Yavaş-yavaş bu problemi Azərbaycan bitirir. İnşallah ki, yaxın zamanlarda tam bitəcək. Səbirli olsaq, çox zilə qalxmasaq, dünyanı özümüzə qarşı qaldırmasaq, insan haqlarını pozmasaq, məsələ həll olunacaq. Yəni ki, sülhə yaxınlaşmışıq.

-İndiki şəraitdə sülh sazişinin perspektivi varmı?

-İndi Azərbaycanla Ermənistan arasında həll olunmamış xeyli məsələlər var. Delimitasiya və demarkasiya, nəqliyyat-kommunikasiyanın blokdan çıxarılması, qarşılıqlı münasibətlərin bərpası məsələləri həll edilməyib. Bunlar həllini tapmalıdır. İnandırım ki, ilin axırınadək sülh müqaviləsi imzalansa, bunun səhəri Türkiyə-Ermənistan münasibətləri tənzimlənəcək və hər şey əla olacaq. Sülh perspektivi böyükdür. Hətta mən deyərdim ki, sülh sazişinin imzalanması perspektivi 98 faizdir. Fövqəladə bir hal baş verməsə, saziş imzalanacaq.

 

10:12 - 22 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin