Azərbaycan XİN-in bəyanatı Zaxarovanı təəccübləndirdi

 Azərbaycan XİN-in bəyanatı Zaxarovanı təəccübləndirdi

Rəsmi Moskva Azərbaycan XİN-in Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində keçirdiyi seçkilərlə bağlı şərhinə görə Bakıya demarş edib.

Asayis.Az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova 13 sentyabrda keçirdiyi brifinqdə bildirib.

O, Azərbaycanın bəyanatının onda suallar doğurduğunu deyib: “Niyə görə bu şərh verilib? Belə qiymətləndirmələr tərəfimizdən qəbul oluna bilməz. Bu, qəbuledilməz qiymətləndirmədir və ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin səviyyəsinə uyğun gəlmir. Ona görə də diplomatik xətlə Azərbaycan tərəfinə etiraz edilib.

Hesab edirik ki, Bakı ölkəmizin ərazi bütövlüyü məsələsinə, tərəfdaşımızın öz ərazi bütövlüyünə hörmətlə yanaşmağımızı gözlədiyi kimi yanaşmalıdır. Söhbət Azərbaycan Respublikasının ərazi bütövlüyündən gedir. Düşünürəm ki, Rusiyanın yeni regionlarının tarixini azərbaycanlı dostlarımız yaxşı bilir. Onlar bunu KİV-dən deyil, birgə keçmişimizdən bilirlər. Onların bu prosesi tarixi kontekstdə müşahidə etmək imkanı olub. Biz bu mövqerdən çıxış edirik ki, şərh üçün məhz bu anlayışla müvafiq siyasi baza yaranmalıdır”.

Ukraynanın bir sıra ərazilərində keçirilmiş qondarma “seçkilərə” dair Azərbaycan XİN-in sentyabrın 9-da yaydığı bəyanatda bildirilib ki, Azərbaycan və Ukrayna bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.

“Bundan irəli gələrək, Azərbaycan Ukrayna ərazisində bu dövlətin Konstitusiyasına və qanunvericiliyinə uyğun şəkildə keçirilən istənilən seçkinin legitim ola biləcəyini bəyan edir.

Azərbaycanın bu prinsipial mövqeyi beynəlxalq hüququn dövlətlərin suverenliyinə aid olan hüquqlara hörmətlə bağlı universal şəkildə tanınmış norma və prinsiplərinə əsaslanır.

Bu meyarlara cavab vermədiyi üçün, Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son "seçkilər"in ümumiyyətlə heç bir qanuni qüvvəsi yoxdur", - deyə bəyanatda vurğulanır.

12:12 - 14 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin