"Afət Fərmanqızının Flora Kərimovaya qarşı etdiyi çox böyük hörmətsizlikdir. Düzdür, biz Afətlə yaxınıq, salam-sağolumuz da var, amma nə olsun, bu onun düzgün hərəkət etdiyi anlamına gəlmir. Flora Kərimova hara, Afət hara? Ortada çəki məsələsi var. Floranın uzun illərdir çəkdiyi əziyyətlər, xalqın sevgisi icazə vermir ki, ona qarşı bu cür hörmətsizlik edilsin. O, estradamızın anasıdır, 83 yaşın içindədir. Ayıbdır axı! Adam danışanda bir fikirləşər..."
Asayis.Az Bu sözləri Yenisabah.az-a müğənni Əli Mirəliyev deyib. Günlərdir yenidən alovlanan Flora Kərimova - Afət Fərmanqızı qalmaqalına münasibət bildirən ifaçı korifeylərə hörmətin vacibliyini vurğulayıb:
"İnsan danışmamışdan əvvəl düşünər ki, mən kimə söz atıram? Flora Kərimovanın yerinə Aygün, Röya, Faiq yaxud başqaları olsaydı, bəli, çıxıb istədiyini danışa bilərdin, lakin bu yaşda korifey sənətkara o cür sözlər demək olmaz. Flora Kərimova onun anasından da böyükdür. Nə deyim, bilmirəm, vallah, çaşıb qalmışam...
Başa düşmürəm ki, bizim yaşca cavan müğənnilər niyə belə gicləyirlər? Oxumaq istəyən balalarımız niyə belə danışırlar anlamıram. Niyə fikirləşmirlər ki, sabah-birigün mən də o yaşa çatacağam. Görün, hələ siz o yaşda xalqın sevgisini qazanmış olacaqsınızmı? Flora Kərimova sənətin zirvəsindədir, zirvə odur. Bu cür sənətkarı təhqir edənlər onsuz da xalqın gözündən zamanla düşürlər. Flora haqsız da olsa, haqlı da olsa, ona qarşı heç biriniz bu cür addım ata bilməzsiniz! Nə Zeynəb Xanlarovaya, nə Elmira Rəhimovaya, nə Nisə Qasımovaya, nə Firuzə İbadovaya, nə də Flora Kərimovaya qarşı bu cür davrana bilməzsiniz! Onlar illərdir, gözümüzü açandan bəri bu sənətdə külüng çalırlar".
Əli Mirəliyev həmkarı Afət Fərmanqızına vaxtilə bu mövzuda xəbərdarlıq etdiyini də açıqlayıb:
"Afət, sən də anasan, Allah balanı saxlasın, necə o sözləri sənətkara deməyə qıyırsan? Özünə də bir-iki dəfə dedim ki, Afət, Flora Kərimovanın adını çəkmə. Qayıtdı ki, o da mənə filan-filan şeyləri deyir? Dedim ki, axı o sənin anan yaşındadır, sən evdə anana da bu cür hörmətsizlik edirdin? Bilmirəm anası həyatdadır, ya yox.
Heç kəsin haqqı yoxdur ki, Flora haqqında mənfi fikir bildirsin. Flora xalqın sənətkarı olub, nə qədər həyat varsa, onun mahnıları yaşayacaq, tarixdə qalacaq. Onun xalqa olan sevgisi tükənmir, bu millətlə bir yaşayır. Bu, başqa şeydir. Flora Kərimova toylara gedib pul qazanmayıb. O, əziyyətlə bu yerlərə gəlib çıxıb. Biz uzun illər bir yerdə işləmişik, onun bütün həyat və fəaliyyətini bilirəm. Həyat yoldaşı Faiq mənim uşaqlıq dostum, məhlə uşağım olub. Onları yaxından tanıyıram, fəaliyyətlərini bilirəm. İndi çıxıb ağzınıza gələni danışırsınız, bu düzgün deyil. Floranı yaxından tanıyanlar sağdır! Söz deyəndə düşünmürsünüz ki, sabah onlar çıxıb sizə cavab verəcək?! Flora Kərimova mərd insandır və onu qovaraq namərd edə bilməzsiniz! Bunu bacarmayacaqsınız! O, sənətkardır və xalqın hörmətini uzun illər ərzində qazanıb".