“Azərbaycanın Qarabağ separatçıları arasındakı qarşıdurma kontekstində bölgəyə qoşun yeritməsi həm mümkündür, həm də mütləqdir”.
Asayis.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O, Qarabağdakı separatçı rejim “rəsmilər”i arasında baş verə biləcək qarşıdurma, hətta vətəndaş müharibəsi zəminində Azərbaycanın bölgəyə qoşun yetirməsi ehtimallarını şərh edib.
Xatırladaq ki, analoji iddia ilə bundan öncə “Hraparak” qəzeti çıxış edib. Erməni nəşri Qarabağ separatçıları arasındakı siyasi motivli qarşıdurma zəminində rəsmi Bakının əraziyə hərbi birləşmələr göndərməsi ehtimalını istisna etməyib.
Q. Hüseynli isə söyləyib ki, işlər o həddə çatıbdır ki, ərazimizdəki qiyamçı və separatçılar artıq Azərbaycanın suveren torpaqları içərisində “seçkilər” keçirərək, ölkəmizin suverenliyinə meydan oxuyurlar. Onun fikrincə, Azərbaycan dəfələrlə bununla bağlı diplomatik kanallar vasitəsilə həm separatçılara, həm də onların qəyyumlarına lazım olan informasiyanı çatdırıb ki, sakit otursunlar və Azərbaycan cəmiyyətinə reinteqrasiya etsinlər.
“Doğrudur, sıravi əhali reinteqrasiya məsələsini normal qarşılasa da, mülki əhalini daim öz əsarətində saxlayan separatçı başlar bu təklifin ətrafında böyük hay-küy qopardılar. Hətta Azərbaycan tərəfi Xankəndiyə 40 ton unla dolu 2 maşın göndərərkən o maşınların Xankəndiyə buraxılmamasını da təşkil edən separatçı “rəhbərlər” idi. Çünki hazırda “hakimiyyət”ə iddia edən Samvel Şahramanyan, Ruben Vardanyan, Araik Arutyunyan və digərləri kənardan onların hamısına yön verib”, - o, əlavə edib.
Siyasi təhlilçiyə görə, Azərbaycan hadisələri diqqətlə izləyib və hadisələrin gedişatı ilə bağlı dəfələrlə separatçı qruplaşmalara öz rəyini çatdırmışdı:
“Bunların içərisində isə “təhlükəsizlik şurası”nın sabiq “katib”i Samvel Babayan reinteqrasiya tərəfdarıdır və Azərbaycan cəmiyyətinə reinteqrasiya etmək üçün danışıqların başlamasını daim dəstəkləyib. Lakin hələlik görünən odur ki, Samvel Babayanın mövqeləri güclü deyil, əksinə, digər radikal millətçilərin, faşistlərin mövqeyi daha güclüdür”.
Analitik onu da diqqətə çatdırıb ki, hazırda bizim başqa yolumuz qalmayıb:
“Çünki diplomatik səylər və təsirlər öz bəhrəsini vermir. Belə olan halda isə artıq ordu işə qarışmalı və proseslərə müdaxilə etməlidir. Ona görə ki, bizim proseslərə müdaxilə etmək üçün hər cür səbəbimiz var. Birincisi odur ki, ərazilərimizdə 12 minə yaxın erməni silahlı birləşmələrinin mənsubları yerləşir. Onlar Ağdərədən Xankəndiyə qədər böyük bir ərazidə dislokasiya olunub”.
Müsahibimiz qısa bir xatırlatma etməyi də unutmayıb:
“Üçtərəfli müqavilədə qeyd olunmuşdu ki, uzağı, 2 ay müddətinə bunlar bu əraziləri tərk edəcəkdilər. Lakin onlar çıxmaq əvəzinə bölgədə silahlanıb Azərbaycanı hədələyirlər. Qısası, Azərbaycanın prosesləri müdaxiləsi labüd hal alıb və şübhə etmirəm ki, sentyabrın 9-da “seçkilər” keçirmək istəyən başıpozuq dəstəni neytrallaşdırmaq üçün Azərbaycan Xankəndiyə qoşun yeridə bilər. Ümumiyyətlə, rəsmi Bakı Qarabağın dağlıq hissəsində öz nəzarətini təmin etmək üçün hərbi bölmələrini bu ərazilərə yerləşdirə bilər. Bu prosesi istisna etmirəm”.