Bakının Binəqədi rayonunda 2006-cı il təvəllüdlü Fərid tanışı Eldarı bıçaqlayıb.
Asayis.Az-ın məlumatına görə, hadisə Binəqədi rayonu, 7-ci Mikrorayon, A.Kunanbayev küçəsində yerləşən “Elton” marketin yaxınlığında baş verib.
Fərid tanışı, 2007-ci il təvəllüdlü Eldar ilə aralarında olan mübahisəyə aydınlıq gətirən zaman sonuncunun onu söyməsi və üzərinə hücum etmək istəməsi səbəbindən cib bıçağı açaraq onun döş nahiyəsinin sol hissəsindən iki dəfə vurub.
Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Bakı şəhərində fəaliyyət göstərən 3 saylı tam orta məktəbin 11-ci sinifində oxuyur: “Zərərçəkmiş Eldarı tanışım Ömərin vasitəsilə tanımışam. Hadisə baş verən gün evdə olmuşam. Təxminən gecə saatlarında qapı döyüldü. Qapını açan zaman qarşımda Eldar və Cahidi gördüm. Eldargil məni həyətə çağırdılar. Mən də əynimə paltar geyinərək həyətə, yəni Eldargilin yanına getdim. Orada bir müddət söhbət etdikdən sonra aramızda mübahisə yarandı. Həmin mübahisə zamanı Eldar mənə nalayiq ifadə və söyüş işlətdi. Həmçinin Eldar yenidən çoxlu adamla üstümə gələcəyini, hətta üzərində bıçaq olacağını bildirdi. Bu zaman Eldarın mənə qarşı işlətdiyi söyüşə görə əsəbiləşdim və onu bıçaqladım”.
İş üzrə zərərçəkmiş Eldarın sözlərinə görə, hadisədən əvvəl Ömərlə Fəridin arasında mübahisənin olduğunu, əvvəllər sonuncuların bir-biri ilə dalaşdıqlarını bilib: “Bir gün Ömər mənə Fəridlə dalaşdığını dedi. Hadisə baş verməmişdən əvvəl mənim də Fəridlə mübahisəsimiz oldu. Düzdür, Fəridlə dava etməsəm də, Fəridlə aramda anlaşmazlıq oldu. Daha sonra Ömər məndən Fəridlə söhbət etməyimi xahiş etdi. Ona görə də hadisə baş verən gün Ömər və digər tanışım Cahidlə birlikdə Fəridin yaşadığı evə getdik. Sonuncu ilə söhbət etmək istədik. Sonra biz Fəridin yaşadığı evin qapısını döyərək onu həyətə çağırdıq. Fəridi evdən həyətə çağıran şəxslər Ömər və Cahid olublar. Bu vaxt mən kənarda dayanaraq Ömərgili gözləmişəm. Fərid gəldikdən sonra birlikdə heç kimin olmadığı yerə, yəni məktəbin yanına getdik. Həmin yerdə Fəridlə aramızda mübahisə düşdü. Fərid mənə bıçaqla xəsarət yetirdi”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəridin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.
Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.
Demokrat.az