“Görünməyən Köçəryan – Sarkisyan qrupu son aylarda mitinqlərdə çıxış etməyə başlayıb. Əvvəllər separatçı rejimin başında olan Boqasyan kimi şəxslər də artıq ciddi şəkildə aktivləşib. Arutyunyanın istefaya göndərilməsilə bağlı razılaşma separatçı rejimin bu 3 sabiq rəhbərinin arasında əldə olunub. Arutyunyan məsuliyyətdən qaçmaq və çıxış yolu olmadığı üçün istefaya gedirsə, Boqasyanın namizədi olan Şahramaryanın hakimiyyətə gətirilməsi Azərbaycana qarşı yeni dirənişin siqnalıdır”.
Asayis.Az xəbər verir ki, bu pərdəaarxası məqamları açıqlamasında politoloq Natiq Miri sadalayıb.
O bildirib ki, Fransa Ermənistanda tədricən möhkəmlənməklə gələcək perspektivdə həm də Qarabağa sirayət etmək və bunu Azərbaycana qarşı təzyiq mexanizminə çevirmək istəyir:
“Cənubi Qafqazda Qərbin Rusiyanı sıxışdırmaq siyasəti müvəffəqiyyətlə başa çatdığı təqdirdə Fransa bu yeri doldurmaq niyyətindədir. Bütün beynəlxalq təşkilatlar səviyyəsində Azərbaycana qarşı hücuma keçib. Fransadan Qarabağa 10 humanitar yük maşını göndərilən zaman Xankəndidə Fransa bayrağının qaldırıldığını gördük. Bu, ciddi mesaj idi, yəni Fransa həm də Qarabağda fəaliyyət göstərməyə iddialıdır. Həm də müəyyən mənada Qarabağdakı ermənilərə guya dəstək nümayiş etdirir”.
Politoloqun sözlərinə görə, Rusiya bunları görür və özünün “müqəddəs yer”ini heç kimə vermək istəmir:
“Rusiya Qarabağda yenidən güclənməklə həm də Ermənistana təzyiq edir. Prosesin içində tək Köçəryan və Sarkisyan deyil, Ruben Vardanyan da var. O, Ermənistanda sentyabrın 15-də keçiriləcək bələdiyyə seçkilərində konkret bir siyasi partiyanı ciddi dəstəkləyir. Düşünürlər ki, böyük maliyyə hesabına İrəvanda yaşayan elektoratı bir güc ətrafında birləşdirə bilsələr və seçkidə bələdiyyə sədrliyini götürsələr, gələcəkdə Ermənistanda yeni hakimiyyətin gəlməsinə yol aça bilərlər. “Həyat üçün ölkə” partiyasının lideri kimi göstərilən Mane Tandilyanı dəstəkləyirlər. Səhnə arxasında isə Vardanyan və onun maliyyəsi durur. Seçkiləri udub-udmayacaqlarını gələcək göstərəcək. Rusiya artıq əmindir ki, Paşinyan Qərbin onu sıxışdırmaq planının tərkibində yer alan bir fiqurdur. Rusiya Vardanyanın hakimiyyətdən getməsi üçün qollarını çırmalayıb”.
Demokrat.az