“Fransa prezidenti Emannuel Makron ötən gün Prezident İlham Əliyevə zəng vurub və Qarabağla bağlı məsələləri müzakirə edib. Çünki Parisin, Strasburqun və Marselin meri bu gün Ermənistandadır, Qarabağa “humanitar yardım” gətiriblər və bu gün sərhədə çatacaqlar. Onlar bunu Laçın tərəfdən gətirmək istəyirlər. Biz isə əsas yol olaraq Ağdam-Xankəndi yolunu nəzərdə tutmuşuq”.
Asayis.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
O, Qarabağda yaşayan sıravi ermənilərə göndərilən 2 TIR humanitar yardımın aqibətindən və onların qəbul edilməyəcəyi təqdirdə geri qaytarılması ehtimallarından söz açıb.
V. Əhmədov xatırladıb ki, cəmiyyətin sədri Novruz Aslan da məlumat verib ki, yüklər hazırda yolda gözləyir:
“Rusiya sülhməramlıları deyiblər ki, malları axşam buraxa bilmərik, məsləhətləşməliyik və s. Birincisi, bura Azərbaycanın ərazisidir, Rusiya sülhməramlıları bölgədə müvəqqəti qalıb və müəyyən müddətdən sonra çıxıb gedəcəklər. Ona görə də ermənilər ağıllarını başlarına yığmalıdır. Bu təxribatlarla Laçın yolu açılası deyil. Dünən cənab Prezident də Makrona dedi ki, əgər biz Ağdam-Xankəndi yolunu istifadə verib yükləri oradan buraxsaq, sonradan Azərbaycanın nəzarəti altında müəyyən yüklərin buraxılmasına baxıla bilər. Yəni Prezident söylədi ki, ilk öncə, bu məsələ qurtarmalı və Ermənistan danışıqlara getməlidir”.
Millət vəkili yüklərin geri qaytarılacağına inanmadığını dilə gətirib:
“Yəqin ki, müəyyən qərarlar qəbul olunacaq. Lakin erməni separatçıları və onun havadarlarının vəziyyəti bu gün acınacaqlıdır. Eləcə də onlar özləri üçün çox ciddi problemlər yaradır. Mən bir daha təkrar edirəm ki, əgər Ermənistan Türkiyə və Azərbaycanla normal münasibətlərini qura bilməsə, Qarabağ məsələsini birdəfəlik yaddan çıxarmasa, Türkiyənin ərazi bütövlüyünü tanımasa və Azərbaycanla sərhədlərinin delimitasiya və demarkasiyasını həll etməsə, İrəvanın özü gələcəkdə ciddi problemlə üzləşə bilər. Qısası, Ermənistanın gələcəkdə dövlət kimi qalması sual altında qala bilər”.
“Onlar ağıllarını başlarına yığmalı, Prezidentin təklifləri ilə razılaşmalı və Ağdam-Xankəndi yolu işləməlidir. Orada yaşayan ermənilər Azərbaycan vətəndaşlığını, Konstitusiyasını, milli valyutamızı, bayrağımızı və qanunlarımızı qəbul edərək digər etnoslar kimi sakit həyatlarını sürə bilərlər. Lakin bizimlə razılaşmamaq onlar üçün ciddi problemə çevriləcək”, – o, fikirlərini yekunlaşdırıb.