Polşa - Rusiya qarşıdurması - Təhdidlər nə ilə nəticələnəcək?

 Polşa - Rusiya qarşıdurması - Təhdidlər nə ilə nəticələnəcək?

Polşanın müdafiə naziri Mariuş Blaşçak deyib ki, ölkəsi şərq sərhədində keçilməz maneə yaratmaq niyyətindədir. 

O bildirib ki, Polşanın ABŞ-dan aldığı 96 ədəd hücum helikopteri gələn il ölkəyə gətiriləcək.


Asayis.Az xəbər verir ki, məsələ ilə bağlı politoloq Tofiq Abbasov açıqlamasında deyib ki, polyaklar həmişə Rusiyanı özləri üçün təhdid sayıblar.

Onun sözlərinə görə, tarixən Polşanın iki qonşusu Rusiya və Almaniya ölkə üçün təhlükə mənbəyi olub:

“Polşa tarixində qanlı hadisələr çox olub. Müstəqillik uğrunda dəfələrlə ayağa qalxıblar. Rusiya ordusu İki dəfə amansızca polyakları qanına qəltan edib. Onlar Rusiyaya xoş münasibət bəsləmədiklərini gizlətmirlər”. 



Ekspert bildirib ki, Ukraynada gedən gərgin müharibə fonunda Polşa ordu quruculuğuna xüsusi əhəmiyyət verir və şərq tərəfdən gələcək hər hansı təhdidə duruş gətirə bilmək, lazım gələrsə, hücuma keçmək üçün güc toplayır:

“Mənbələrin məlumatına görə Belarusiyada Yevgeni Priqojinin 200 min nəfərdən artıq heyətdən ibarət olan dəstəsi yerləşib. Ona görə də Polşa bu vəziyyətdən özü üçün nəticə çıxarır. Rusiyanın bu ölkəyə hücumu baş verərsə, Polşa həm duruş gətirməyə hazır olmalı, həm də mübarizəni Rusiya ərazisində aparmağa çalışmalıdır”.

Siyasi şərhçi qeyd edib ki, Birləşmiş Ştatlar da bu prosesdə iştirak edir: 

“Təsadüfi deyil ki, son illər ərzində Avropa İttifaqında olan dövlətlər arasında ən çox yardım alan ölkə Polşadır. Hərbi quruculuğa ən çox vəsait ayıran da məhz odur. Tarixin təkrar olunmaması üçün polyaklar bunu qarşılarında vəzifə bilir”.

Demokrat.az

10:33 - 24 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin