“Rusiya müharibədən qalib ayrılsa, Azərbaycan...” - PROQNOZ

 “Rusiya müharibədən qalib ayrılsa, Azərbaycan...” - PROQNOZ

Ukrayna prezidenti Volodimir Zelenski Danimarka Parlamentində çıxışı zamanı deyib ki, ölkəsi müharibədə qalib gəlməsə, Rusiyanın bütün qonşuları təhlükə altında qalacaq.  

O bildirib ki, demokratiyalar Rusiyanın hədəfi olacaq, bu ölkələrdə qeyri-stabillik yaranacaq. 


Asayis.Az xəbər verir ki, Zelenskinin bu çıxışına münasibət bildirən politoloq Turab Rzayev Demokrat.az-a açıqlamasında qeyd edib ki, Ukrayna prezidentinin sözlərində müəyyən qədər həqiqət var:

“Rusiya öz istəyinə çatıb, müharibədən qalib ayrılsa, digər ölkələr üzərində təzyiqi artıracaq. Bu ölkələr, əsasən, MDB ölkələri, Mərkəzi Asiya ölkələri, Qafqaz ölkələri, o cümlədən Azərbaycan və Şərqi Avropa ölkələridir. Bu ölkələr bəzi hallarda məcbur olub, Rusiya ilə hesablaşmalı olacaqlar”.

Politoloqun sözlərinə görə Rusiya məğlub olmasa da, müharibədən tam qalib kimi də ayrılmaya bilər:

“Bu halda Rusiya gücünü itirəcək. Zəif Rusiya qonşu ölkələrə təzyiq göstərə bilməyəcək. İqtisadi cəhətdən çökəcək. Başı daxili problemlərini həll etməyə qarışacaq”. 
T.Rzayev əlavə edib ki, Türkiyə ilə müttəfiqlik Azərbaycanı Rusiya təhdidindən qoruyur:

“Başqa bir versiya da odur ki, Rusiya müharibədən qalib ayrılsa belə Azərbaycanla bağlı vəziyyət fərqli ola bilər. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq var, Şuşa bəyannaməsi imzalanıb. Bu saziş çərçivəsində Türkiyənin Azərbaycanı qorumaq öhdəliyi var. Digər ölkələrdən fərqli olaraq Azərbaycana təzyiq göstərmək Rusiya üçün rahat olmayacaq. Azərbaycanın Rusiya qarşısında müdafiə imkanları digər ölkələrdən daha güclüdür”. 

17:10 - 22 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin