Ermənistan III Qarabağ müharibəsi istəyir? - “Belə başlarını itiriblər?!”

 Ermənistan III Qarabağ müharibəsi istəyir? - “Belə başlarını itiriblər?!”

“Ermənistanın Laçın istiqamətinə hərbi texnika toplaması təxribatların davamıdır. Onlar doğrudanmı III Qarabağ müharibəsi istəyirlər?! Belə başlarını itiriblər?! Prezident İlham Əliyevin də söylədiyi kimi Azərbaycan ordusu indi əvvəlkindən də güclüdür, Azərbaycan dövləti tarixi zəfərə imza atdığı dövrdəki gücündən daha güclü potensiala malikdir. Ermənistanın müharibə yolunu seçməsi intihara bərabər bir addım olardı”.

Asayis.Az xəbər verir ki, bunu açıqlamasında deputat Elman Nəsirov Ermənistan silahlı qüvvələrinin bölmələrinin Laçın rayonu istiqamətində Qorunzurda əlavə qüvvə və hərbi texnika toplamasını şərh edərkən bildirib.    

O qeyd edib ki, Laçın nəzarət – buraxılış məntəqəsinin mövcudluğu ermənilərin yuxusuna haram qatıb:

“Çünki bu, onların Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasına canlı qüvvə, silah-sursat, hərbi texnika və mina daşımasının qarşısını alıb. İki istiqamətdə fəallaşıblar. Birincisi, beynəlxalq ictimai fikri yayındırmaq üçün addımlar atırlar. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yunanıstan və İspaniyanın xarici işlər nazirlərilə görüşdə bu məsələləri qaldırıb və Azərbaycanı ittiham edən mövqe ortaya qoyub, həmkarlarının da anoloji mövqedən çıxış etməsini xahiş edib. Yeri gəlmişkən, Litvanın xarici işlər naziri də bu məsələdə obyektivlikdən uzaq bir mövqe sərgiləyib”. 

Deputat deyib ki, Ermənistanın siyasi təxribatları bununla bitmir:

“Bundan əlavə, BMT-nin xüsusi məruzəçiləri də Azərbaycana qarşı davamlı təzyiqlər edir, Laçın yolu ilə daşımalara mane olmamağa çağırırlar. Halbuki Azərbaycan tərəfi dəfələrlə humanitar yüklər üçün Ağdam – Xankəndi yolunun hazır olduğunu bildirib. Beynəlxalq müşahidəçilərsə özlərini bilməməməzliyə qoyurlar. 

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez Ermənistanda olub, sərhədə gəlib. O da özünün anti Azərbaycan mövqeyilə yadda qalıb, Ermənistanın yanında olduqlarını ifadə edib. 

Ermənilər kompakt yaşadıqları Kaliforniya ştatının Los Anceles şəhərində iri magistralı bağlayıblar, bununla da guya Qarabağın blokadasına etirazlarını ifadə ediblər. Bütün bunlar diplomatik savaşdır”.
 

E.Nəsirov əlavə edib ki, ermənilər silah gücü ilə öz məqsədlərinə nail olmaqdan çəkinmirlər:

“Eyni zamanda I və II Qarabağ müharibəsinin veteranları Ermənistan Baş nazirinin iqamətgahı qarşısında Laçın nəzarət – buraxılış məntəqəsinin bağlanması məqsədilə yürüş təşkil ediblər. Daha 150 erməni ekstemist revanşistlər maşınlarla Laçın sərhəd məntəqəsi istiqamətinə gəlib, hökumətdən onlara silah verilməsini tələb ediblər, zorla öz məqsədlərinə çatmaq istəyirlər”.

Son olaraq deputat vurğulayıb ki, heç bir qüvvə Azərbaycanı haqlı mövqeyindən çəkindirə bilməz: 

“Bir anlıq təsəvvür edin ki, bütün bu təzyiqlər fonunda Azərbaycan geri çəkilir və Laçın dəhlizi boyunca ermənilər yenə öz istədiklərini edirlər. Bunun bizim üçün hansı faciəvi nəticələrə gətirib çıxaracağını təsəvvür etmək çətin deyil. Ona görə də dövlətin ali siyasi rəhbərliyinin qətiyyətli və prinsipial mövqeyi var, heç kim bizi bu mövqedən bir addım belə geri çəkilməyə məcbur edə bilməz. Azərbaycan sülh istəyir, bunun üçün də sülh müqaviləsi imzalamağa hazırdır. Ermənistan bunu istəmirsə, permanent şəkildə utopiya içində blokadada yaşamağa davam etsin”.
 

Demokrat.az

16:50 - 14 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin