Bakıda iki qadın britaniyalı iş adamını şantaj etdi: “Yatdığım yerdə şəklimi çəkiblər”

 Bakıda iki qadın britaniyalı iş adamını şantaj etdi: “Yatdığım yerdə şəklimi çəkiblər”

Bakıda özəl şirkətdə işləyən Böyük Biritaniya vətəndaşı G.C. iki qadın tərəfindən şantaj olunub.

Asayis.az xəbər verir ki, cinayət əməli nəticəsində ingilis iş adamına 205 min manat ziyan dəyib. Bu pul ondan hədə-qorxu və dələduzluq yolu ilə alınıb.

Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə araşdırılır.

E.Nəsrəddinova və Y.Məmmədova iş adamını rüsvayedici şəkilləri ilə şantaj edərək ondan 205 min manat alıblar.

Cinayət işində əsas fiqur E.Nəsrəddinovadır. Zərərçəkmişlə danışıqları o aparıb, şantaj vasitələrini düşünüb, pulları təhvil alıb.

Təqsirləndirilən şəxs məhkəmədə işin mahiyyəti barədə danışıb.

İş adamı təqsirləndirilən şəxsləri ilk dəfə Səbail rayonunda - Fəvvarələr Meydanının yaxınlığındakı obyektlərdən birindən çıxarkən görüb. O, içkili vəziyyətdə taksi gözləyərkən qızlar yaxınlaşıb, birlikdə içki içməyi, sonra isə münasibətdə olmağı təklif ediblər:

“Həmin vaxt üstümdə pul az idi. Razılaşdıq ki, gedim evdən pul götürüm, sonra da danışdığımız kimi davam edək. Məndən taksi pulu ilə birlikdə 420 manat aldılar. Bundan sonra onların tanıdığı bir evə getdik. Yatdığım yerdə şəklimi çəkiblər. İkisi də çılpaq vəziyyətdə yanımda…”

Zərərçəkmişin sözlərinə görə, təqsirləndirilənlər onu müxtəlif vasitələrlə, o cümlədən yataqdakı şəkli ilə şantaj ediblər:

“Əvvəl mənə dedilər ki, birlikdə olduğumuz evin sahibi polisə şikayət edib ki, evi fahişəxana kimi istifadə etmisiniz. Filippinli bir dostumun da başına belə bir iş gəlmişdi deyə qorxdum ki, məsələ böyüyər, məni işdən çıxararlar. 2000 manat polisə, 2000 manat isə notariusa çatacağı adı ilə verdim. Bir neçə gün sonra dedilər ki, bəs məhkəmə cərimədən razı deyil, 6000 manat daha istəyirlər. Dediyinə görə, pulu verməsək, bizi fahişəlik maddəsi ilə həbs edəcəklər. Bu dəfə artıq etiraz etdim. Həmin vaxt şəklimizi çıxarıb göstərdi. Dedi ki, pulu verməsən, şəkli İngiltərədə yaşayan arvadına göndərəcəyəm. Y.Məmmədovaya isə cəmi bir dəfə telefon almaq üçün 3800 manat vermişəm. Dediyinə görə, polisdə olan vaxt telefonu əlindən düşüb sınmışdı. Ümumilikdə 8 ay ərzində 205 min manat pul vermişəm.”

Zərərçəkmiş daha sonra prokurorun, vəkili Orxan Zeynalovun və müdafiə tərəfinin suallarını cavablandırıb.

Prokuroru maraqlandıran əsas məsələ isə təqsirləndirilən şəxsin zərərçəkmişin arvadının şəklini haradan tapması olub.

G.C. cavabında arvadının nəinki şəklini, əlaqə nömrəsini də tapdıqlarını deyib:

“Mən İngiltərədə olanda həyat yoldaşıma zəng etdi. Düzdür açıq-aydın nə isə demədi, amma mənə mesajı çatdı”.

G.C. hazırda dəymiş ziyanın böyük hissəsini E.Nəsrəddinovadan tələb edir.

Qeyd edək ki, E.Nəsrəddinova Cinayət Məcəlləsinin 182.3.2 (hədə - qorxu ilə tələb etmə), 178.3.2 (dələduzluq - külli miqdarda törədildikdə), (təkrarən və xeyli miqdarda dələduzluq) maddələri, Y.Məmmədova isə 178.2.1 (dələduzluq - qabaqcadan əlbir olan şəxslər tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar. E.Nəsrəddinova həbsdədir. Y.Məmmədova barəsində isə istintaq dövrü müddətində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

15:00 - 27 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin