“Evlilik sərbəst seçimdir. “Mütləq evlənməlisən”, “mütləq uşaq olmalıdır” deyə bir qanun yoxdur. Bir çox insanlar artıq “camaat nə deyər?”ə görə yox, şəxsi seçimlərinə, şəxsi istəklərinə görə həyatlarını yaşayırlar. “Niyə subay qalmaq istəsin?” sualının konkret cavabı yoxdur. Məsələn, ard-arda güvənsizlik, xəyanət, sürətlə artmaqda olan boşanmalar, ailə məsuliyyətini üzərinə götürməyə hazır olmamaq, evlilik fobiyası və sairə kimi səbəblər ola bilər. Yaxud insan sadəcə azadlığına düşkün ola bilər. Bəlkə də, sevgi münasibətindən artığını paylaşmaq istəmir. Uzun müddət tək yaşayan, karyera ilə, özünü inkişaf etdirməklə məşğul olan insanlar, ümumiyyətlə, çox gec ailə həyatı qururlar, yaxud heç evlənmirlər. Onların bir qismi hətta hər gün yatağını paylaşmaqdan sıxılır. Hər gün birinin evdə olması belə ona çox gələ bilir. Çünki evliliklərdə komfort zona ümumiyyətlə yoxdur...”
Asayis.Az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında tanınmış psixoloq Samirə Bağırova deyib.
Psixoloqun sözlərinə görə, bir-birinin komfort zonasına hörmətlə yanaşan ailələr çox azdır: “Valideyn övladın, övlad valideynin, yaxud ər-arvad bir-birinə güvənsizlik hissi ilə o qədər yanaşırlar, o qədər kontrol olur ki, sonda sevgi nifrətə çevrilir...”
S.Bağırova aktrisa Pərvin Abiyevanın ailə qurmayacağı ilə bağlı açıqlamasının müzakirəyə səbəb olmasını isə belə dəyərləndirib: “Burada şişirdiləcək məsələ yoxdur. Necə ki sıradan bir xanım “evdə qalır”, kimsə bir şey demir, amma məşhur kimsə bunu açıq elan edəndə həmin an ajiotaja səbəb olur. Bir çoxlarının qonşuluğunda, ya qohumlarında evlənməyən xanım və bəylər var. Amma kimsə buna bir şey demir. Təkarar edirəm, “mütləq evlənməlisən” deyə məsələ yoxdur. “Mentalitet” sözünün mənası latın dilindən tərcümədə "ruh" deməkdir. Sadə dildə isə “şüur”. İnsanlar bu sözü aidiyyatı olmayan məqamlarda hər dəqiqə istifadə edirlər. İnsanın ruhu azaddır və istəyə bağlıdır. Toplu şəklində mentalitet dəyişkəndir. Zaman keçdikcə mentalitet dəyişir. Dəyişməyən milli mentalitetdir ki, milli bayramlarımızı misal kimi göstərmək olar...”