“Əvvəlki illərlə müqayisədə indi idman jurnalistikasının inkişafına diqqət artmaqdadır. MEDİA Agentliyinin idman jurnalistikasına ayırdığı qrantlar bu sahədə irəliləyişə təkan verdi. İşsiz qalan bir çox idman jurnalisti işlə təmin olundu. Eyni zamanda futbol klubları tərəfindən verilən reklamlar da idman saytlarına dəstək olur. Bunun sayəsində bəzi idman saytlarının ofisi oldu. Ofisi olmayan media orqanı üçün fəaliyyətini davam etdirmək çətindir”.
Asayis.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış televiziya aparıcısı, jurnalist Sənan Şəfizadə deyib.
O qeyd edib ki, idman mediasının inkişafı üçün göstərilən dəstəyin daha da artırılmasına ehtiyac var:
“Çox istərdim ki, idman mediasının reklamı tək idman cameəsindən gəlməsin. Digər şirkətlərin də dəstəyinə ehtiyac var. Bunun üçün də idman mediası daha çox izlənməlidir. İzlənmə sayı ürəkaçan deyil. Öndə gedən cəmi beş idman nəşrimiz var. Digərlərinin də irəliləməsi üçün maddiyyat önəmlidir”.
S.Şəfizadə idman jurnalistlərinin yetişməsi üçün lazımi mühitin olmadığını bildirib:
“Bu gün idman jurnalistlərinin çoxu futbola yönəlib. Bəli, futbol idmanın şahıdır. Amma bizə güləşin də, tennisin də, cüdonun da, gimnastikanın da qaydalarını bilən, şərh edə bilən jurnalistlər lazımdır. Bu istiqamətdə olan boşluğun doldurulması üçün seminarlar keçirilsə yaxşı olar”.
Aparıcı son olaraq vurğulayıb ki, Azərbaycan idman mediasında peşəkarlığı ilə seçilən jurnalistlər var, onların təcrübəsindən faydalanmaq lazımdır:
“Mən yerli idman mediasında olan təcrübəli heyəti, illərdir öz sözünü demiş peşəkarları xarici həmkarlarımızdan üstün sayıram. Avropada və qonşu ölkələrdəki idman jurnalistləri bölünüblər. Futboldan yazan güləşdən yazmır, güləşdən yazan cüdodan yazmır, cüdonu bilən gimnastikanı bilmir. Bizdə isə 10-a yaxın belə jurnalist var ki, 20-dən çox idman növünü şərh edir, qaydaları bilirlər. Bu, böyük üstünlükdür, mütləq bundan bəhrələnmək lazımdır”.