“Yeganə çıxış yolu ruslarla dil tapmaqdan keçir” - Novella Cəfəroğlu
“Biz sivil qaydada separatçıları zərərsizləşdirə bilməyəcəyik. Burada yeganə çıxış yolu ruslarla dil tapmaqdan keçir. Yəni, ancaq ruslarla danışıqlara getmək lazımdır ki, bizimlə bir yerdə onları tərksilah etsinlər”.
Bu sözləri Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
O, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Qarabağın dağlıq hissəsinin yaxın perspektivdə Azərbaycana inteqrasiya olması üçün atılmalı olan addımlardan, habelə separatçı rejimə məxsus “müdafiə ordusu”nun tərksilah edilməsi prosesindən söz açıb.
N. Cəfəroğluya görə, biz silahlıları çıxarmaq istəyəndə onlar yüz dənə bəhanə qarşımıza qoyacaqlar:
“Dünyanın çox hissəsi də ermənilərin tərəfindədir. Ona görə də danışıqlarımız ruslarla getməlidir. Biz onlara deməliyik ki, burada durub sülhü təmin edirsinizsə, bizə kömək edin. Çünki humanitar yardım adı ilə bölgəyə silah-sursat daşınır.
Onsuz da Rusiya bizə əngəl törədən ən birinci ölkədir. Yoxsa biz ermənilərlə oturub dialoqa başlasaydıq, çoxdan sülhü əldə edərdik. Bu gün erməni gah ABŞ, gah Avropaya qaçır, gah da rusun ətəyinə and içir. Ona görə də biz bölgədəki rusları dinə-imana gətirib separatçıları tərksilah etməliyik. Başqa çıxış yolu yoxdur”.
Müsahibimizin fikrincə, prosesləri qan tökmədən çox sadə şəkildə həyata keçirməliyik:
“Biz ruslara deməliyik ki, ermənilər qan töküb dünyaya car çəkmək istəyirlər. Nəticədə sizi də biabır edəcəklər ki, siz sülhməramlı adı altında burada oturmuşunuz, amma qan tökülür. Belə olan halda rusların özləri separatçıları tərksilah edib bölgədən çıxaracaqlar. Biz bu məsələni rusun boynuna atmalıyıq ki, axırda günahkar özləri olacaq. Çünki səni burada müharibə və qarşıdurma olmasın deyə qoyublar. Amma biz hər şeyi edə bilərik, onda da siz biabır olacaqsınız. Odur ki, gəlin, bir yerdə bunları silahsızlaşdıraq”.
“Mən də deyərəm ki, gedib o separatçı silahlıların hamısını qıraq, kökündən həll edək. Amma bizim də uşaqlar şəhid düşəcək axı. Bundan başqa, dünya bizə qarşı ayağa qalxacaq və əldə etdiyimiz qələbəni bizə çox görəcəklər. Ona görə də nə qədər bacarırıqsa, diplomatik danışıqlar aparaq”.