“Beynəlxalq Qırmızı Xaç Komitəsi dərhal etiraz bildirilməlidir” - İlham İsmayılov

 “Beynəlxalq Qırmızı Xaç Komitəsi dərhal etiraz bildirilməlidir” - İlham İsmayılov

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin bu gün yaydığı məlumata görə, Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsindən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrində qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkar olunub. Əsasən telefon, telefon hissələri, siqaret və benzin kimi məhsulların aşkar olduğu sərhəd və gömrük nəzarəti məntəqələri bunlarla bağlı yetərincə faktları da açıqlayıb. 

Bəs BQXK-nın mandatına uyğun olmayan bu cür halların qarşısı necə alınmalıdır?

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Demokrat.az-a açıqlamasında bildirib ki, BQXK-ya məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi əvvala bu beynəlxalq təşkilatın öz imicinə mənfi təsir göstərir: 

“Baxmayaraq ki, bu qurum bir neçə dəfə bu cür halları təkrarlayıb və rəsmi xəbərdarlıqlara etinasız yanaşıb. Beynəlxalq Qırmızı Xaç Komitəsi humanitar bir təşkilatdır.  Bu humanitar təşkilatla bağlı protokolları imzalayan dövlətlər bu təşkilata beynəlxalq və daxili silahlı münaqişələrin qurbanlarını qorumaq üçün mandat vermişdir. Bu mandatla təşkilat müharibə yaralılarını, əsirləri, qaçqınları, mülki şəxsləri və digər qeyri-döyüşçüləri qorumaqda səlahiyyətlidir. Təşkilata məxsus nəqliyyat vasitələrində qaçaqmalçılıqla bağlı halların olması isə qəti yolverilməzdir. Bu nə Azərbaycan qanunlarına, nə beynəlxalq qanunlara, nə də ki, insani dəyərlərə uyğun olmayan bir hərəkətdir”.

İlham İsmayılov deyib ki, bu cür halların qarşısını almaq üçün BQXK-nın Cenevrə ofisi dərhal məlumatlandırılmalı və etiraz bildirilməlidir: 

“BQXK-nın bu cür halları beynəlxalq aləmdə fərqli təqdim etməsi də mümkündür. Bəzi maraqlı qüvvələr ola bilər ki, bunu Azərbaycan tərəfinin humanitar böhran yaratmaq cəhdi kimi dəyərləndirib, ölkəmizə qarşı qara piar kimi istifadə edə bilərlər. Hər kəs Azərbaycan Respublikası ərazisində qanunların aliliyinin vacib olduğu bilməlidir. Bu münasibət  beynəlxalq təşkilatlara da şamil olunur”.

 

12:30 - 11 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin