Ərdoğan Sinan Oğana niyə vəzifə vermədi? - Maraqlı səbəb

 Ərdoğan Sinan Oğana niyə vəzifə vermədi? - Maraqlı səbəb

Mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərində 5%-dən çox səs toplayaraq, ölkə siyasətinin əsas adamlarından birinə çevrilən “ATA İttifaqı”nın namizədi Sinan Oğanın ikinci turda AK Partiya sədri, Prezident Rəcəb Tayyip Ərdoğanı dəstəkləməsi onun personasına olan marağı artırmışdı. 

Yenisabah.az xatırladır ki, hələ o vaxt Türkiyənin tanınmış analitikləri ekstremal situasiyada Prezident Ərdoğana dəstək verən Azərbaycan əsilli siyasətçinin onun komandasında yer alacağını iddia etmişdilər. Prezident seçkilərindən sonra formalaşacaq yeni hökumətdə S.Oğanın da təmsil olunacağı, hətta strateji nazirliklərdən birinə rəhbərlik edəcəyi bildirilirdi. Türkiyənin 13-cü Prezidenti R. T. Ərdoğan hökumətin yeni tərkibini açıqlayanda bu proqnozların doğrulmadığı bəlli oldu. 

Ərdoğan S.Oğana niyə vəzifə vermədi? Prezidentliyə keçmiş namizədlə AKP hökuməti arasında niyə soyuq rüzgar əsdi? 

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, tərəflər arasındakı münasibət bu gün də isti olaraq qalır. Prezident Ərdoğanın iyunda gerçəkləşən Bakı səfərində S. Oğanı da özü ilə Azərbaycana gətirməsi bunu bir daha təsdiq edir. 

Məlumatlara görə, hökumətdə təmsil olunmaması S. Oğanın öz arzusu olub. Onun gələcəyi ilə bağlı daha perspektivli siyasi planlar üzərində işlədiyi bildirilir. İddialara görə, S. Oğan mərkəz-sağda mövqe tutacaq yeni siyasi partiya yaratmaq arzusundadır. Sadəcə olaraq, Ərdoğanın və AKP ideoloqlarının xahişi ilə siyasi iddialarını bir qədər ertələyib. Buna səbəb AKP-nin MHP lideri Devlet Bahçeli ilə münasibətləri zədələmək istəməməsidir. S. Oğanın yeni səylərinin MHP-də çat yaradacağı heç kimdə şübhə doğurmur. O, vaxtilə təmsil olunduğu partiyanın sosial bazasının bir hissəsini öz tərəfinə çəkməkdə iddialıdır. Bu isə istər-istəməz onu MHP lideri D. Bahçeli və partiyanın rəhbər şəxsləri ilə üz-üzə gətirəcək. Prezident Ərdoğan isə Türkiyənin iqtisadi problemlərin məngənəsində çapaladığı hazırkı həssas məqamda müttəfiqlərinin siyasi çəkişmələrinə şahidlik etmək istəmir. AKP ideoloqları hesab edirlər ki, belə bir qarşıdurma 67-ci hökumətin dayaqlarını sarsıda bilər. Buna görə də S. Oğana bir qədər səbirli olmaq tövsiyə edilib. 

Analitiklər S. Oğanın “kölgəyə çəkilməsi”nin müvəqqti xarakter daşıdığını proqnozlaşdırırlar. Onların fikrincə, S.Oğan yaxın gələcəkdə özünün siyasi partiyasını yaradaraq, Türkiyə siyasətinin aparıcı sütunlarından birinə çevriləcək. 

12:20 - 10 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin