Rusiya qadınları da Ukrayna ilə müharibəyə çağırmağa başlayıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqu bununla şəxsən məşğul olur. Omsk şəhərinin ictimai yerlərində Rusiyanın Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa dəvət edən elan yerləşdirilib. Şəkildə hərbi formada gülümsəyən sarışın qadınları kişilərlə birlikdə dayanmağa çağırırlar. Xidmətə həkimlər, feldşerlər, tibb bacıları və aşpazlar dəvət edilir.
Asayis.Az xəbər verir ki, bu barədə mediada məlumat yayılıb.
“Omsk hərbi komissarlığı müvafiq prosesin aparıldığını təsdiq edib. 50 yaşına qədər xanımlar müqavilə bağlana bilər. Müddət ən azı bir ildir və bu müddət ərzində məzuniyyət yoxdur. Tələblər minimaldır. Məsələn, tibb bacıları və aşpazların öz ixtisasları üzrə təhsil almaları vacib deyil. Qadınların hara göndəriləcəyi elan edilməyib. Hərbi Komissarlıq isə onların Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində xidmət edəcəklərini bildirib. Komissarlıq qadınlara nə qədər maaş veriləcəyini dəqiqləşdirməyib. İddia olunur ki, onlar yalnız birinci ayda 100 min rubl, sonrakı üç ayda isə hər birinə 50 min rubl ala bilərlər. Qadınlara 195 min rubl məbləğində birdəfəlik prezident təzminatı da veriləcək. Orduya daxil olmaq üçün müqavilə əsasında hərbi xidmətə qəbul üçün seçim məntəqəsinə müraciət etmək lazımdır”, - məlumatda deyilir.
Qeyd edək ki, bu ilin martında Şoyqu bildirmişdi ki, Ukrayna ilə müharibədə 1100 qadın iştirak edir və hər üçüncü qadın artıq dövlət mükafatlarına layiq görülüb. Ümumilikdə, ölkənin Silahlı Qüvvələrində 39 mindən çox qadın xidmət edir, onlardan 5 minə yaxını zabit rütbəsi daşıyır.