Avropa Polis Təşkilatı (Europol) Ermənistan və Gürcüstandan olan cinayətkar qruplaşmanın 28 üzvünün həbs edildiyini açıqlayıb.
Europol əmlak cinayətləri, reketçilik, hədə-qorxu ilə pul tələb etmək və çirkli pulların yuyulmasında iştirak edən “qanuni oğru” adlanan böyük cinayət şəbəkəsinin sıradan çıxarılmasında Fransa Milli Polisinə və İspaniya Milli Polisinə dəstək verib.
Araşdırma zamanı məlum olub ki, cinayətkar şəbəkə oğurlanmış malların satışı, tütün qaçaqmalçılığı və çirkli pulların yuyulması ilə məşğul olub.
2020-ci ilin noyabr ayından Fransa polisi cinayət strukturunda qanuni oğrulara aid olmaqda şübhəli bilinən şəxsləri araşdırır. İstintaq Fransada və İspaniyada yerləşən, İspaniyada qanun oğrunun rəhbərlik etdiyi erməni cinayət təşkilatının üstünü açıb.
Çirkli pulların yuyulması əsasən İspaniyada avtomobil mexanikləri və Barselonada idxal edilən kürü mağazası vasitəsilə həyata keçirilirdi. Bir sıra əməliyyat tədbirləri zamanı Fransa və İspaniyada 38 evdə axtarış aparılıb, 28 nəfər, o cümlədən oğruların başçısı (adı qeyd olunmayıb) həbs edilib. Əməliyyatlar zamanı 16 dəbdəbəli saat, 8 avtomobil, 6 döyüş sursatı olan silah, 1 zirehlijilet, 2 GPS detektoru, 60 min avrodan çox nağd pul, çoxlu sayda mobil telefon və elektron cihaz, habelə qanuni oğruların müxtəlif əşyaları ələ keçirilib.
Fransa və İspaniya hakimiyyəti 2020-ci ilin noyabrında bu cinayət şəbəkəsi ilə bağlı birgə araşdırmaya başlayıb. Əksəriyyəti erməni və gürcülərdən ibarət olan cinayətkar qruplaşmanın bir neçə üzvünə qarşı Fransa və İspaniya polisinin bundan əvvəl apardığı ayrı-ayrılıqda araşdırmalar şübhəlilər arasında əlaqələri üzə çıxarıb və geniş şəbəkənin olduğunu aşkarlayıb.
Cinayətlar qruplaşmanın rəhbəri daha əvvəl adam öldürməyə cəhd ittihamı ilə istintaq altında olub. İspaniya milli polisi həmin şəxsin əməllərini 2018-ci ildə rəqibi - “taclı” oğrunun öldürülməsinə cəhdlə bağlı araşdırıb və saxlayıb. Fransa tərəfindən Avropa həbsinə order verilmiş şəbəkə lideri hazırda ona qarşı əlavə tədbirlər görülənə qədər İspaniyada həbsdədir./Report