Bərdə rayonunda 1992-ci il təvəllüdlü Abbas ailə münaqişəsi zəminində həyat yoldaşı Səidəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə rayonun Türkmən kəndində baş verib.
Abbasın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən zərərçəkmiş Səidə bildirib ki, əri Abbas ilə 11 ildir ailə qurub, birgə nigahdan 2 övladı var:
“Bizim aramızda dəfələrlə münaqişələr olub. Bu ilin mayın 18-də, saat 10 radələrində birgə yaşadığımız evdə ərimdən uşağı həkimə aparmaq üçün pul istədim. Ərim mənə pul vermədiyinə görə aramızda münaqişə oldu. Həmin vaxt Abbas qolu ilə boynumdan tutaraq məni boğdu, qoluma vuraraq məni döydü. Evin həyətində yerdən götürdüyü daşları ataraq qılçalarıma vurdu”.
Zərərçəkmiş qeyd edib ki, mayın 26-da yenidən Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə birgə yaşadıqları evdə əri tərəfindən döyülməsini bildirib:
“Həmin gün yaşadığımız evdə ərim məndən barışıq ərizəsi verməyimi tələb etdi. Mən isə razı olmadığıma görə aramızda mübahisə başladı. Həmin vaxt ərim stolun üzərində olan stəkanı götürərək sındırdı və öz qoluna xəsarət yetirdi. Sonra isə mənim qoluma və sifətimə həmin şüşə ilə sıyrıq xəsarətləri yetirdi”.
İş üzrə təqsirli bilinən Abbasın sözlərinə görə, zərərçəkmiş Səidə ilə yola getmirlər, aralarında mübahisələr olur:
“Təxminən mayın 18-də yaşadıqları evdə arvadım mənə həkimə getməli olduğunu bildirdi. Məndən pul istədi. Mən stolun üstünə 10 manat qoyaraq həkimə getməsini dedim. Arvadım pulun az olduğunu dedi. Mən olan pulumu verdiyimi deyərək, sonra yenə pul verəcəyimi dedim. Buna görə aramızda qısa mübahisə oldu. Ancaq həmin vaxt arvadımı döyməmişəm. Ona heç bir xəsarət yetirməmişəm”.
Abbas qeyd edib ki, bundan təxminən 2 gün sonra yenidən Səidəyə 40 manat da verib.
O, məhkəmədə suallara cavab olaraq bildirib ki, arvadını döyməyib, ona heç bir xəsarət yetirməyib:
“Arvadım epilepsiya xəstəsidir. Ola bilsin ki, yıxılarkən xəsarət alıb”.
Bərdə rayon Məhkəməsinin qərarı ilə Abbas 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Demokrat.az