Elektromobillərin idxalı zamanı heç bir ödəniş tətbiq olunmayacaq

 Elektromobillərin idxalı zamanı heç bir ödəniş tətbiq olunmayacaq

Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit" mövzusunda mətbuat konfransı keçirilib. 

 

Komfransda Dövlət Gömrük Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, özəl qurum nümayəndələri, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası və ekspertlər iştirak ediblər.

 

Mətbuat konfransında "Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsinin  stimullaşdırılması və genişləndirilməsi  ilə bağlı" Yol xəritəsinin təqdimatı olub.

 

Təqdimatda dövlətin bu sahədə gördüyü işlər, gələcək planlar və özəl sektorun bu işə dəstəyi haqqında geniş məlumat verilib. 

 

Tədbirdə çıxış edən ekspert, Yol Xəritəsini hazırlamış İşçi Qrupun üzvü Eldəniz Cəfərov bildirib ki, dövlət artıq 2022-ci il yanvarın 1-dən ölkəmizə idxal olunan ekoloji təmiz avtomobilləri əlavə dəyər vergisindən azad edib:

 

Düşünürəm ki, bu, ölkəmizin əsas nailiyyətlərindən biridir. Biz də müstəqil ekspertlər olaraq, bu məsələni təqdirəlayiq hesab edirik. 2030-cu il üçün müəyyən edilmiş milli prioritetlərin reallaşması üçün ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin artırılmasının əhəmiyyəti var.

 

Ölkədə ekoloji təmiz avtomobillərin istismarı üçün münasib şəraitin yaradılması bu sahədə artıma səbəb olub. Hesab edirik ki, bu prosesə özəl sektor da öz töhfəsini verəcək. Hazırda avtokreditlər üzrə faizlər bir qədər yüksəkdir. Təklif var ki, banklar daha uyğun şərtlərlə avtomobil kreditləri versin. Bu isə yeni, ekoloji avtomobillərə əlçatanlığı artırar. Hesab edirəm ki, həm dövlət, həm də özəl sektorun irəli sürəcəyi təşəbbüslər 2022-ci il ərzində təklif ediləcək".

 

Mətbuat konfransında çıxış edən Dövlət Gömrük Komitəsinin Gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev bildirib ki, hazırda güzəşt tətbiq edilmiş ekoloji təmiz avtomobillərin əhatə dairəsinin genişləndirilməsi müzakirə edilir:

 

"Dövlətin dəstəyi ilə komissiya və işçi qrupu yaradılıb. Artıq cari ildən Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, elektrik mühərrikli nəqliyyat vasitələrinin istifadəsi üçün nəzərdə tutulan 2-ci, 3-cü səviyyəli elektrik enerji doldurucuları əlavə dəyər vergisindən azad olundu. Həmçinin, 2019-cu il 1 yanvar tarixindən elektrik mühərrikli nəqliyyat vasitələri ƏDV-dən idxalı azad olunub. Bu dəyişikdən sonra satışı da  əlavə dəyər vergisindən azad oldu. Eyni zamanda hibrid nəqliyyat vasitələrinə müvafiq güzəştlər müəyyənləşdi. Hansı ki, ilkin həçmi 2500 kubsm çox olmayan, istehsal buraxılış tarixi 3 ili ötməyən nəqliyyat vasitələrinin əlavə dəyər vergisindən azad olması nəzərdə tutulub. Keçən ilin müvafiq dövrünün 3 ayının müqayisəsində ümumi olaraq nəqliyyat vasitələrinin sayında təxminən 1300 nəqliyyat vasitəsi artım etmişdi və bu artım 1200-yə yaxın hibrid nəqliyyat vasitəsi təşkil etmişdi. Bu ilin 3 ayında isə daha çox hibrid nəqliyyat vasitələri idxal olub və sayı 1300  təşkil edib. 2021-ci ildə elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı 14, 2022-ci ildə isə bu rəqəm 37, 23 ədəd bu ilin 3 ayında daha çox artım  müşahidə olunub. Mühərrikin həcmi böyük və matorun həcmi böyük olan nəqliyyat vasitələrinə vergi yükü artırılmışdı ki, qismən olsa da, idxalı azalsın. Bu da öz bəhrəsini verdi. Azərbaycanda üç min kub santimetrdən çox mühərrik həcmi olan avtomobillərin idxalının azaldılması məqsədilə onların idxalına gömrük rüsumları artırılıb. İlin əvvəlindən Azərbaycana bu avtomobillər gətirilməyib. Demək olar ki, bu ilin 3 ayında  3ili ötmüş nəqliyyat vasitəsi ölkə ərazisinə idxal olunmayıb".

 

Tariyel Alverdiyev media üçün yeni bir xəbər də vurğulayıb:

 

"Əlavə dəyər vergisindən elektrik maşınlarında azadolma nəzərdə tutulmuşdu. Gömrük Komitəsi tərəfindən həmin maşınlara idxal rusumunda 0 dərəcəyə endirilməsi ilə bağlı təkliflər nazirliklərə göndərilib. Beləliklə də elektrik mühərrikli nəqliyyat vasitələrinin idxalı zamanı heç bir  ödəniş tətbiq olunmayacaq".

 

Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov ekoloji təmiz avtomobillərin təşviqi üçün bir sıra təkliflər hazırlandığını vurğulayıb:

 

"Ekoloji təmiz avtomobillər üçün enerji doldurma məntəqələrinin yaradılması və ümumi şəbəkəyə qoşulması nəzərdə tutulur. Müəyyən olunub ki, bu məntəqələrin gücü heç də 150 kVt-dan artıq olmayacaq. Bu avtomobillərin park yerlərində də güzəştli şərtlərlə saxlanmasını təklif olunub. Həmçinin gələcəkdə ölkəmizdə olunacaq ödənişli yollardan həmin növ nəqliyyat vasitələrinin tam pulsuz istifadə etməsi, həmçinin mobil tətbiqin yaradılmasını düşünürük. Hansı ki, mobil tətbiq vasitəsilə də burada ekoloji təmiz avtomobillərin şarj olunması yerləri göstəriləcək”.

 

Rauf Qurbanöv jurnalistlərə açıqlamasında Azərbaycanda 33 elektromobil enerji doldurma məntəqəsi olduğunu deyib. Onun sözlərinə görə, bu məntəqələrin 22-si Bakıda, 11-i isə regionlarda yerləşir. Bu məntəqələrdən 2-si Gəncədə, digərləri isə Quba, Kürdəmir və başqa regionlarda mövcuddur.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Rasim Səttarzadə jurnalistlərin suallarına cavab olaraq, hökumətin sosial məsələləri nəzərə alaraq, dizel mühərrikli avtomobillərin idxalına qadağa qoymadığını deyib: 

 

"Amma ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün bu avtomobillərin idxalı məhdudlaşdırılmalıdır".

 

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının nümayəndəsi Eyyub Əliyev bildirib ki, 2015-ci ildə baş verən devalvasiyanın rəsmi avtomobil idxalçılarına mənfi təsiri olub: 

 

"Devalvasiya nəticəsində ölkəmizdə köhnə avtomobillərin idxalı sürətlə artıb. İndi çalışmaq lazımdır ki, ölkənin avtomobil parkı ekoloji təmiz nəqliyyat vasitələri ilə yenilənsin".

 

Mətbuat konfransında özəl sektorun bu sahədə görəcəyi işlərin qrafiki və hesabat dövrü açıqlanıb. Qeyd edilib ki, məlumatlandırma, maarifləndirmə və sosial məsuliyyət istiqamətində işlər ilin sonunadək davam etdiriləcək.

 


20:32 - 30 Mart 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin