Rusiya Ermənistanda yenidən təlimlərə başlayıb. Əvvəl xüsusi təyinatlılarının döyüş qabiliyyətini yoxlayan Rusiya bu dəfə hərbi aviasiya təlimləri keçirir. Eyni zamanda, bu dəfə diqqətçəkən bir məqam da hərbi tibbi personalın təlimlərə cəlb olunmasıdır.
Bəs, Rusiyanın bu “əzələ nümayişi” kimə ünvanlanıb?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar İskəndərov Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiyanın Ermənistana hərbi alyansda dəstək göstərməsi heç də təəccüblü deyil:
"Ermənistan əzəldən Rusiyanın tarixi forpostu olub. Ona görə də orada Rusiyanın hərbi bazasının mövcudluğunu qeyri-adi deyil. Sirr deyil ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsi bir çoxlarının yuxusunu ərşə çəkib. Bura biz Rusiyanı da əlavə edə bilərik".
Deputat Azərbaycan və Rusiya arasında müttəfiqlik müqaviləsi mövcudluğunu da xatırladıb:
"Ümumiyyətlə, bu gün Azərbaycan bütün sahədə, o cümlədən hərbi sahədə də güclüdür. Ölkəmizdə ildə bir neçə dəfə Türkiyə ilə hərbi təlimlər keçir. Amma Ermənistanın Azərbaycan Ordusunun döyüş qabiliyətinə, silahlarına çatmasına hələ neçə illər var. Bu, o deməkdir ki, Ermənistan nə qədər öz hərbi gücünü inkişaf etdirmək istəyirsə, onu Azərbaycanla müqayisədə ən az 10-a vurmalıdır. Azərbaycan lazimi hərbi təlimlərini keçirir və hərbi inkişafını da sürətlə irəlilədir".