Hazırda erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Rusiya sülhməramlı kontingentinin keçid məntəqəsi vasitəsilə şəffaf və nizamlanan şəkildə hər iki istiqamətdə hərəkəti təmin edilir.
Asayis.Az xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Nazir, həmçinin macarıstanlı həmkarını Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumatlandırıb.
Qeyri-qanuni erməni birləşmələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmalarının, əcnəbi vətəndaşların qanunsuz səfərlərinin, Azərbaycanın təbii sərvətlərinin intensiv şəkildə talan olunmasının və bu kimi digər qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulduğunu diqqətə çatdırıb.